Nardaranlılar hadisələrin bitməsini istəyirlər

Kənd əhalisi olayları soyuqqanlılıqla qarşılayır

Source:

Nardaran hələ də blokada şəraitindədir. Bunu Meydan TV-yə hazırda kənddə olan jurnalistlərdən biri məlumat verib. Onun sözlərinə görə, Bilgəhdən Maştağaya qədər olan bütün yollar bağlıdır.

Kəndə hələ də işıq verilməyib. Qaz yoxdur. Gecə saatlarınadək Daxili Qoşunlar və Çevik Polis Alayının əməkdaşları evlərə baxış keçirib. Axşam saatlarında kənddə olan gərginlik nisbətən azalıb. Polislər üçün ərzaq gətirilib. Buna görə də kənd əhalisi onların hələ bir neçə gün kənddə qalacağını təxmin edirlər.

“Günorta çox gərgin əməliyyat keçirdilər. Hər yerdə, ikimərtəbəli evlərin damında belə Daxili Qoşunların əsgərləri vardı. Ətraf kəndlərdən gələn bütün yollar, döngələr bağlıdır, yalnız kənddə qeydiyyatı olanlar buraxılır. Onların belə ciblərinə qədər yoxlanılır. Kənar adam kənddən çıxarsa, geri qayıda bilməz. Kənddə yalnız İmam Əli meydanındakı mağaza işləyir, digər dükanlar bağlıdır” – deyə jurnalist bildirir. Onun sözlərinə görə, mağazada yetərincə ərzaq var, çörək qıtlığı hiss olunmur. Ancaq küçədə hərəkət məhdudlaşdırıldığından insanlar alış-veriş etməyə çətinlik çəkir.

Kənd sakinləri ilə söhbətləşən media nümayəndəsi deyir ki, əhali arasında fikir ayrılığı var: “Söhbət etdiyim adamlar arasında Hacı Tale Bağırzadəni günahkar sayanlar da vardı. Onun nardaranlı olmadığını əsas gətirənlər düşünürlər ki, kəndə qarışıqlıq salmaq üçün gəlib. Hacının tərəfdarları da çoxdur. Yaşlı adamlar olanları sakit qarşılayır, amma gənclər daha aqressivdi. Kənd adamlarının sözlərinə görə, ailəvi həbslər var. Polislər evləri yoxlayarkən qadınları evdən çıxarıb küçəyə atırdılar. Digər sakinlər isə bu mənzərəyə soyuqqanlılıqla baxırdılar. Əsasən çadrada olan qadınlar idi. Buna baxmayaraq, kənd sakinlərində polisə və əsgərə qarşı hər hansı nifrət hiss olunmur. Sanki belə olmalıymış kimi davranırlar”.

Jurnalistin məlumatına görə, evlərin damından asılmış bayraqlara toxunulmayıb:

“Mollalardan birinin sözlərinə görə, noyabrın 26-da həlak olanlardan ikisi kənd qəbiristanlığında dəfn olunub. Kənd qəbiristanlığında da ÇPA əməkdaşları var, aktivlik müşahidə olunur”.

Bildirilir ki, kənd sakinləri olayların mediada işıqlandırılmasına o qədər də meylli deyillər. Onlar həyatlarının normala dönməsini, bu hadisələrin bitməsini istəyirlər. “Azəriqaz”-dan kəndə qaz verilişinin bərpa olunacağı deyilsə də, hələlik bu, baş verməyib.

Ana səhifəXəbərlərNardaranlılar hadisələrin bitməsini istəyirlər