Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib k, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-in iddia etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.
“Ölkənin hər yerində olduğu kimi, Nardaranda da hər şey qaydasındadır, hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, – deyə o bildirib.
***
Kənddə əməliyyat keçirilib, 32 nəfər saxlanılıb
Bakının Nardaran qəsəbəsində yenə vəziyyət gərginləşib. Bu barədə Meydan TV-yə məlumatı kənd sakinləri verib. Onların sözlərinə görə, bir qrup şəxs divarlara dini şüarlar, eləcə də “Qanımızı alacağıq” yazılıb.
Bundan sonra kənddə əməliyyat keçirilib, saxlanılanlar var.
Xəbəri “Trend” agentliyinə də təsdiqləyiblər. Sakinlər bildiriblər ki, əməliyyat martın 1-də keçirilib. Əməliyyat zamanı 32 nəfər saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb.
Sakinlərin sözlərinə görə, əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına “Allahu Əkbər”, “Ya Əli” və “Ya Hüseyn” sözlərinin yazılmasıdır.
Sabunçu rayon Polis İdarəsi və idarənin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən 32 nəfər saxlanılıb. Sabunçu rayon Polis İdarəsində aparılan araşdırmaların nəticəsində 24 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Sabunçu rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan 8 nəfər barədə 20 sutkalıq inzibati həbs qərarı çıxarılıb. İnzibati həbs edilənlər Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib.
Nardaran sakinləri bildirirlər ki, həmin divarlardakı yazılar qəsəbə sakinlərinə qarşı təxribatdır və bu nardaranlıların işi deyil: “Bu, Nardaranda ictimai-siyasi vəziyyəti gərginləşdirməkdə maraqlı olan şəxslərin işidir. Həmin şəxslər bu cür işlərlə Nardaranda aranı qarışdırmaq istəyirlər”.
Baş verənləri Meydan TV-yə 42-ci polis bölməsindən təsdiqləyiblər. Lakin neçə nəfərin və kimlərin saxlanıldığı barədə məlumat verilməyib, DİN-in ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağı məsləhət görüblər. DİN hələlik rəsmi açıqlama verməyib.
«Bu, Nardarana qarşı təxribatdır və tezliklə bunun üstünün açılmasını istəyirik».
Bunu isə Nardaran ağsaqqalı Hacıağa Nuri Azadlıq Radiosuna açıqlamasında deyib:
«Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər».
Hacı Nuri qeyd edib ki, kənd hələ də güc strukturlarının nəzarətindədir. Bu baxımdan da baş verənlərin «kənar iz» olduğunu düşünür.
Kənddə görülən işlərdən danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından «Nardaran Piri»nə gedən 1 km-lik yolun çəkilişinə başlanılıb.
Ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub.
Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılıb və saxlanılan 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646