Nardaranda polislə qarşıdurma: Qadın-kişi demədən hamını dəyənəklə döydülər

Nardarana giriş məhdudlaşdırılıb. Xəlilovlar ailəsinin yaşadığı evin və qəbiristanlığın yaxınlığında polislər dayanaraq, orada getmək istəyənlərin qarşısını kəsib

Source: Specify Source


“Adamları bölmədə çox pis döyüblər”

Şuşa uğrunda döyüşlərdə yaralanmış Nardaran sakini Hüseyn Xəlilov 6 aya yaxın koma vəziyyətində qaldıqdan sonra aprelin 25-də axşam saatlarında Mərkəzi Hərbi Hospitalda vəfat edib. Aprelin 26-da Nardaranda onun dəfni zamanı polislərin yerli sakinlərə bu prosesdə iştiraka icazə verməməsi etirazlara səbəb olub. Nəticədə onlarla qəsəbə sakininin polislər tərəfindən döyüldüyü və saxlandığı barədə məlumatlar var.

Qəsəbə sakinlərindən birinin Meydan TV-yə bildirdiyinə görə, aprelin 26-dan Nardarana yüzlərlə polis gətirilib, Nardarana giriş məhdudlaşdırılıb. Xəlilovlar ailəsinin yaşadığı evin və qəbiristanlığın yaxınlığında polislər dayanaraq, orada getmək istəyənlərin qarşısını kəsib: “Ancaq yaxın qohumları buraxıblar. Bu da həm qəsəbə sakinlərinin, həm də şəhidin ailəsinin narazılığına səbəb olub. Pirin yanında da polislərdən divar hörmüşdülər. Başında çadra olan qadınlar gedəndə onların qarşısını zorakılıqla alıblar. Bu da kənd adamlarına pis təsir eləyib. Adamlar uca səslə salavat çevirib, şəhidin ruhuna hörmət şüarı səsləndirəndə polislər hücuma keçib. Kəndin ağsaqqallarının əllərini burublar. Qadın-kişi demədən hamını dəyənəklə döyüblər. Xeyli adamı tutub aparıblar. Şəhidi də sanki gizli iş kimi, dəniz kənarıyla aparmağa qoyublar. Ancaq yaxın qohumlara icazə veriblər”.

Yerli sakininin sözlərinə görə, ümumilikdə 18 nəfər saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə aparılıb. Onların arasında qadınlar da olub: “Adamları bölmədə çox pis döyüblər. Günorta saat 2-yə qədər saxlanılanların bir hissəsini buraxıblar. Qulaq-başları partlaq-partlaqdır. Deyilənə görə, qalanlarını da buraxacaqlar”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar şəhidin dəfnində yalnız yaxın qohumların iştirakına icazə verilib: “Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub. Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb”.

Ana səhifəSosialNardaranda polislə qarşıdurma: Qadın-kişi demədən hamını dəyənəklə döydülər