Nardaranda Aşura günü həbs edilənlər silah saxlamaqda ittiham olunurlar

Polisə etiraz edən 12 nəfərin həbs olunduğu bildirilir

Source:
Nardaran, 2015
Nardaran, 2015


Polisə etiraz edən 12 nəfərin həbs olunduğu bildirilir

Nardaranda sentyabrın 20-də Aşura mərasimi keçirilən gün gərginlik yaşanıb və xeyli adam həbs olunub. Bu barədə Meydan TV-yə məlumat verən qəsəbə sakinləri bildirir ki, səbəb Aşura günü polisin Nardaranda məscidin qaşısını kəsərək, gələnləri içəri buraxmaması olub.

Yerli sakinlərin verdiyi məlumata görə, polislərdən məscidə qadağanın səbəbilə bağlı açıqlama istəyən, qadınlara, yaşlılara qarşı kobudluğa etiraz edən 12 nəfər həbs olunub. Onların arasında həm yaşlılar, həm də gənclər var.

“On nəfərə Sabunçu Rayon Məhkəməsinin qərarıyla 10 sutka veriblər. Onlar polisə müqavimət adıyla tutulublar. Orada heç kim polisə müqavimət göstərməyib. Polislər özləri camaata kobudluq ediblər. İki nəfər ağsaqqala isə cinayət işi açıblar. Sutkalıq həbs olunanlar buraxılıblar. İki nəfər isə Kürdəxanıda (Bakı istintaq təcridxanası) saxlanılır. Onlara silah ittihamı verilib”, – deyə, Nardaran sakini Meydan TV-yə deyib.

Bildirilir ki, Aşura günü etirazını bildirən qadınlar saxlanılmasa da, onlar övladlarıyla hədələnir: “Günü bu gün də onların evlərinə polislər gəlib-gedir, övladlarını soruşurlar”.

Həbs olunan iki nəfərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Nazirliyin məlumatında Aşura günü Nardaranda olanlar haqqında heç nə yoxdur. Yazılıb ki, polislərin keçirdiyi əməliyyat nəticəsində Nardaran sakinləri Hatəm Cəlilov və Fəxrəddin Əlxasovun həyətyanı sahələrindən silah tapılıb. İddia olunur ki, hər ikisi torpaqda bir tüfəng gizlədib.

Nazirliyin məlumatına videogörüntülər də əlavə edilib. Görüntülərdə torpağı qazıb tüfəng çıxarılması, daha sonra H.Cəlilov və F.Alxasovun polis idarəsində etirafedici ifadə verməsi əksini tapıb.

“Yalandır. Hatəm Cəlilovu hamının gözü qarşısında Aşura günü məsciddə mübahisəyə görə tutub aparıblar. Sonra evə gətiriblər. Bildiyimizə görə, onları hədələyiblər ki, əgər silah məsələsini boynunuza götürməsəniz, sizə Taleh Bağırzadəgil kimi daha ağır maddələr verərik”, – Nardaran sakini bildirir.

H.Cəlilov və F.Alxasova qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsilə ittiham irəli sürülüb. Bu maddədə qanunsuz silah saxlamaya görə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Ana səhifəXəbərlərNardaranda Aşura günü həbs edilənlər silah saxlamaqda ittiham olunurlar