Başqa bir nardaranlının evindən qumbara tapıldı
Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat veriblər.
Məlumata əsasən, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.
APA isə qəsəbə sakini Nadir Qədirovun da saxlanıldığı haqda məlumat yayıb: “Polis əməkdaşları bu gün onun yaşadığı evdə axtarış aparıb. Axtarış nəticəsində evdən bir ədəd əl qumbarası aşkar edilərək götürülüb”.
Faktla bağlı araşdırmalar davam etdirilir.