Nardaran, yoxsa dövlət?

Allahın kitabı və Dostoyevskinin kitabları…

Source:

Mən ateistəm. Səmavi dinlərdən tutmuş, xırda dinlərə, təriqətlərə, sektalara və daha nələrə heç bir simpatiyam yoxdur. Həmçinin, hansısa dinə inanan insan da məndə heç bir dostluq, həmsöhbətlik, yoldaşlıq hissi doğurmur. Bütün inanclıların iman azadlığını bir dəyər kimi qəbul edirəm, vəssalam. Mənim necə yaşamağıma qarışmasın, özü bilər, nəyə inanır, inansın. Heç bir qanun, konstitusiya da heç kimə haqq vermir ki, bu inanca görə o adama təzyiq etsin, təməli haqqlarını tapdasın.

Nardaran məsələsində biz dövlətin öz vətəndaşlarına qarşı qeyri-adi dərəcədə panik yanaşmasının şahidi olduq. Uzun illər paytaxt mərkəzinin beş addımlığında olan bir kəndin təhsil, mədəniyyət, sosiallaşma problemlərinə göz yuman dövlət, birdən-birə bu qəsəbənin varlığından təlaşa düşdü. Niyə? Bəyəm illərdi ki, Nardaranlıların din məsələsində həssas olduğunu görmürdülərmi? Bəyəm illərdi ki, bu qəsəbənin ədaləti, qanunu, haqqı bərqərar etmək üçün dövlətdən əllərini üzüb, Allaha əl açdıqlarını görmürdülərmi?

Birdən-birə nə oldu ki, Nardaran “terrorçu yuvası”, “cinayətkar ada” odu? Bu adları haqq etmək üçün Nardaranlılar nə edib? Haranı partladıblar, harda qətllər törədiblər, kimə hücum ediblər? Lap tutaq ki, nardaranlıların dinə həddən artıq aludə olması, həyatlarında dinə, dini motivlərə bu qədər yer vermələri narahatlıq doğurur. Bu narahatlıq niyə indi hiss olunur? Niyə illərdi öz vətəndaşlarının dünyəvi dəyərlərə meyl etməsi, təhsilə, mədəniyyətə, incəsənətə meyl etməsi, yaxınlaşması, sosiallaşması üçün heç bir addım atılmırdı?

Dövlət “nardaranlılar” kimi etiketlənən insanların “dinə ifrat aludəçiliyindən” narahatdırsa, niyə orda kütləvi kitabxanalar, kino klubları, teatr açmır, rəsm, foto, müasir incəsənət sərgiləri , festivallarkeçirmir? Siz nə vaxt o kəndə kitabla, kinoyla, fotoyla, sənətlə girdiniz, nardaranlılar qoymadı? Əlbəttə, gülməli gələ bilər, deyə bilərsiniz ki, bu real deyil, alınmazdı, yerli sakinlər mane olardı, nə bilim, nə edərdi. Amma bunlar ehtimaldır, fakt odur ki, belə sivil, müasir cəhdlər heç vaxt edilməyib.

Indi, dövlət onilliklər boyu kitabla, təhsillə girməli olduğu yerə, bir həftənin içində silahla girir. Əlbəttə, bu daha asandır, daha sadədir. Daha az güc, daha az səbr, daha az pul, resurs tələb edir. Amma bu, normaldırmı, bu çıxış yoludurmu? Sən dövlət olaraq, öz vətəndaşının həyatını qaraltmaqdan narahat olma, amma nardaranlıların küçələrdə asdıqları qara bayraqdan naharat ol. O bayraqlar məni də narahat edir, lakin o qara bayraqların ordan asılma səbəbi nardaranlıların dinə ifrat aludəçiliyi deyil, dövlətin öz vətandaşını Allah ümidinə buraxmasıdır.

Təkca nardarandırmı problem? Xalq nə gündədir, nə vəziyyətdədir, xəbəriniz var? Bütün ölkənin Nardaran ola biləcəyinə inanmırsınız?

Müəllim rüşvət alır, həkim xəstənin cibini soyub, özünü şikəst edir, məmur alçaldır, o biri məmur evini sökür, polis döyür, bank talayır, şadlıq evləri talayır, arxalılar tutub ticarətini əlindən alır, məhsulun normal sata bilmir, daha nələri sadalayaq? Bu qədər ədalətsizliyə yol ver, ordan da təhsili məhv elə, aydın zəka ocağı olmalı yerləri rüşvət və yaltaqlıq ocağına çevir, sonra nə olacaq? Sonrası o olacaq ki, ümid doğrudan da qalacaq Allaha və Allahın kitablarına. Allahın kitablarıı isə Dostoyevskinin kitabları deyil ki, ancaq rəhmə, mərhəmətə çağırsın. Allahın kitabları üsyana, savaşa, özündən olmayanlara qarşı amansız olmağa çağırır.

Bax, onda dövlət başlayır vətəndaşından qorxmağa.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNardaran, yoxsa dövlət?