“Nardaran yas mərasimlərinə müdaxilə yoxdur, ola da bilməz”

“Belə işlər inzibatçılıq yox, maarifləndirmə ilə aradan qalxar

Source:


“Belə işlər inzibatçılıq yox, maarifləndirmə ilə aradan qalxar

Ölkə boyu tətbiq edilən “təmtəraqlı ehsan” qadağası kampaniyası çərçivəsində Nardaran kəndində hüzr məclislərinə hər-hansı bir müdaxilə olmayıb.

Açıqlamanı “Turan İA”-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Natiq Kərimov deyib ki, Nardaran əhli dədə-babadan hüzr məclislərini necə təşkil edirdisə, indi də elədir. Ümumiyyətlə isə Nardaranda bütün məclislər həmişə sadə şəkildə olub, elə indi də elədir.

O, məmurların yas məclislərinə müdaxilə edərək ərzağı, bişirilən yeməkləri müsadirə etməsi kimi halları pisləyib.

“Belə işlər inzibatçılıq yox, maarifləndirmə ilə aradan qalxar. Həm də hakimiyyət o dediyi təmtəraqı xalqın içində yox, qudurğan məmurların məclislərində axtarmalıdır. Onlarınkı ehsan vermək yox, özlərini bir-birlərinə göstərməkdir. Odur ki, hakimiyyət “təmtəraqlı” hüzr məclisi məsələsində ünvanı səhv salaraq, xalqın içində axtarır”, – deyə Nardaran ağsaqqalı mövqeyini ifadə edib.

N.Kərimov toylar barədə bildirib ki, yenə də həmin təmtəraqlı toyları edənlər məmurlar və onların yaxın ətrafıdır.

N.Kərimov Nardaran kənd sakinlərinə ov silahları satılmaması haqda mediada yayılan xəbərlərin əsassız olduğunu deyib: “2001-ci ildə Nardaran hadisələri baş verəndə belə şeylər olub, hətta kənddən olan əsgərlər belə silahdan uzaqlaşdırılıb”.

O, kənd sakinlərindən belə hallara rast gəlib-gəlmədikləri barədə sorğusuna təsdiqləyici cavab almadığını da nəzərə çatdırıb.

N.Kərimov şəxsi problemi barədə də danışıb. Belə ki, geçən ilin martından bu yana xəstəliyi ilə bağlı İrana müalicəyə getmək istəsə də, buna icazə verilməyib. Barəsində xaricə buraxılmamaq barədə hər hansı qərar olmadığını deyən N.Kərimov 5-6 ay bundan öncə, daha sonra isə təqribən bir ay öncə sərhəddən kənara buraxılmadığını söyləyib. Astara sərhəd keçid məntəqəsindən N.Kərimovun İrana buraxılmasına icazə verilməyib. Hətta Bakı ilə əlaqə saxlansa da, buna hər-hansı məhdudiyyət olmadığı deyilib.

Bütün bunlara baxmayaraq, N.Kərimov geriyə, Bakıya qaytarılıb. Məsələ ilə bağlı Daxili işlər Nazirliyinə müraciət edib, nazirlikdən barəsində hər hansı məhdudlaşdırıcı qərar olmadığı, bunu 14-cü polis bölməsinin tətbiq etdiyi nəzərə çatdırılıb.

“İnandırıcı deyil, “yuxarı”ların əmri olmasa, bölmə bunu edə bilməz, görünür etiraf etmək istəmirlər”, – deyə N.Kərimov düşdüyü duruma aydınlıq gətirib.

Ana səhifəXəbərlər“Nardaran yas mərasimlərinə müdaxilə yoxdur, ola da bilməz”