Nardaran sakinləri işıq və qaz problemlərinə görə iki dəfə 8 və 10 dekabrda aksiya keçiriblər. Onlar hər il qış vaxtı qazlarının kəsildiyini və evi isitmək üçün işığın da olmadığını deyirlər.
Kənd sakinləri Ağsaqqalllar Şurasına yığışıb hər gün bu problemi müzakirə edirlər. Onlardan bir neçə nəfər yığışıb Azəriqaz və Bakıelektrikşəbəkənin rəhbərliyi ilə də görüşüb. Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov deyir ki, sakinlərin işığa 600 mindən yuxarı, qaza isə 200 min manatdan artıq borcları var. Onlar bu borcu real hesab etmirlər.
Sakinlər xahiş ediblər ki, onlara güzəşt edilsin və imkan olduqca borclarını az-az ödəsinlər. Amma idarələrdən onlara müsbət cavab verilməyib.
Qazların kəsilməsi həmişə qış vaxtına düşür. Sakinlər deyir ki, bu məqsədli şəkildə edilir. Kəndin qazanc yeri istixanalardır və qaz olmayanda onlar da bazara məhsul çıxara bilmirlər.
Heydər İmamverdiyev 5 il öncəyə qədər istixana işlədib. O, tərəvəz əkməklə qazancını çıxarıb. Amma qışda qaz verilmədiyinə görə istixanaları satmağa məcbur olub.
107 saylı körpələr evinin müəlliməsi Kəmalə Qasımova deyir ki, işlədiyi yerdə istilik sistemləri ancaq qazla işləyir, qaz da verilmir. O, uşaqların soyuqdan əziyyət çəkdiyini deyir.
Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev Nardaranda qazın kəsilmədiyini deyir. O bildirir ki, borcunu ödəməyənlərin və ya sayğacdankənar qoşulmalar edən şəxslərin qazı kəsilib. Körpələr evinə də qazın verilməməyinə gəlincə, şöbə əməkdaşı bundan məlumatsız olduğunu deyir.
Bakıelektrikşəbəkənin mətbuat katibi Tanrıverdi Mustafayev kənddə yalnız borclu abonentlərə işıq verilmədiyini bildirir. O, sakinlərin güzəştlə bağlı istəklərinə, abonentlər arasında ayrıseçkilik yaratmayacaqlarını vurğulayır.
Nardaran sakinləri isə borclarını ödəmək üçün pullarının olmadığını deyirlər.