Əbülfəz Bünyadovun xanımı: ''Yanına gedəndə onu tanımadıq''
2015-ci il noyabrın 26-da Nardaran əməliyyatının keçirildiyi evin sahibi, özü də həmin əməliyyatda onurğasından güllələnərək ömürlük hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadovun durumunun kəskin ağırlaşdığı bildirilir. Bu haqda Meydan TV-yə Ə.Bünyadovun həyat yoldaşı Leyla Bünyadova məlumat verib.
“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü, iflic olmasına baxmayaraq, əməliyyat günü tutularaq, 15 il azadlıqdan məhrum edilən Ə.Bünyadov illərdir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Həyat yoldaşının sözlərinə görə, iyunun 5-də Müalicə Müəssisəsində onunla görüşüblər: “Biz ona ayda bir dəfə baş çəkirik. Bu dəfə yanına gedəndə onu tanımadıq. Elə vəziyyətə düşüb ki, tanımaq olmur. İllərdir onun vəziyyəti məlumdur, indi isə heç sözlə deyiləsi deyil”.
Ə.Bünyadov illərdir yataq xəstəsidir, nəinki gəzmir, hətta yataqda başqasının yardımı olmadan çevrilə də bilmir. O, Hepatit C xəstəliyindən də əziyyət çəkir. L.Bünyadovanın bildirdiyinə görə, son vaxtlar onda bağırsaq problemi də yaranıb. Bu üzdən artıq yeyib-içə, hətta dərman da qəbul edə bilmir. Ailə üzvləri ondan götürülmüş analizləri yoxlatdırıb: “Aydın oldu ki, bağırsağına güclü infeksiya düşüb. Göbələk də tapıldı. Ona görə su və qida da qəbul edə bilmir. Buna görə vəziyyəti lap ağırlaşıb”.
L.Bünyadova deyir ki, səlahiyyət sahiblərini qısa müddətdə Ə.Bünyadovla bağlı tədbir görməyə çağırır. Deyir ki, əks halda, onun həyatı təhlükədədir.
Ə.Bünyadov 2015-ci il noyabrın 26-da əməliyyat zamanı Taleh Bağırzadə, Abbas Hüseynov və digərlərilə birlikdə saxlanılıb. Həmin gün güllələnib iflic olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bir neçə gün orada saxlandıqdan sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
T.Bağırzadəgilin işi məhkəməyə göndəriləndə onun haqqındakı cinayət işi ayrılıb. Özü də bir müddət sonra – 2016-cı ilin dekabrında ev dustaqlığına buraxılıb, yaşadığı evin darvazasında daim iki polis əməkdaşı keşik çəkib. Digərləri artıq cəza alandan sonra 2017-ci ilin yayında onun da işi məhkəməyə göndərilib. Ə.Bünyadov Nardaran hadisələrinə görə axtarışa verilib, 2017-ci ilin martında tutulan Elxan İsgəndərovla birlikdə mühakimə olunub. Məhkəməyə Təcili Tibbi Yardım vasitəsilə gətirilən və hakim qarşısına da xərəkdə uzanmış vəziyyətdə çıxarılan Ə.Bünyadov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib və hökmün elanından dərhal sonra həbs edilib.
Polislərin ölümünə görə qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama və s. əməllərdə təqsirləndirilən Ə.Bünyadov ittihamları qəbul etmir və onların saxta olduğunu bildirir. Deyir ki, o da, həmin gün həbs edilən digərləri də günahsızdır. Onların olduğu evə polislər silahlı hücum edib və qarşılarına çıxanı güllələyib. Ə.Bünyadovun sözlərinə görə, əməliyyat günü iflic olmasına baxmayaraq, polislər həmin gün aparıb ona da işgəncə veriblər.
Daxili İşlər Nazirliyi isə işgəncə iddialarının həqiqətə uyğun olmadığını bildirir.