Nardaran məhbusunun ailəsi hədələndiyini bildirir

''Polislər evə girib, Taleh Bağırzadənin şəklini cırıblar''

Nardaran hadisələri zamanı həbs olunanlardan biri, İbrahim Xudaverdiyevin ailəsinin hədələndiyi deyilir. “Müsəlman Birliyi” Hərəkatından Meydan TV-yə verilən məlumatda bildirilir ki, Xudaverdiyevlər ailəsinin evinə polislər gələrək, evin xanımı Həcər Xudaverdiyevanı və onun azyaşlı oğlunu Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıblar.

“Bayram ərəfəsində Nardaran məhbuslarının uşaqları Novruz təbriki adlı video-rolik hazırlamışdı. Həmin video sosial şəbəkələrdə, “Youtube” kanalında yayılmışdı. Təbriki səsləndirən uşaqlardan biri də İbrahim Xudaverdiyevin azyaşlı oğlu idi. Bunu irad tutublar. Evin xanımından və azyaşlı oğlundan bölməyə getmələrini istəyiblər. Onlar da gediblər. Bölmədə söhbət aqressiv tonda keçməyib, sətiraltı hədələr olub. Həcər xanım oradan çıxıb başqa bir işinin arxasınca gedib. Həmin vaxt polislər yenidən onun evinə gediblər. Evdə digər ailə üzvləri olub. Evə girib, Taleh Bağırzadənin divardan asılmış şəklini cırıblar. Hədələyiblər ki, bir də onun şəklini assalar, nəticəsi çox pis olacaq”, - hərəkatdan bildirilib.

Polislərin hansı səbəbdən Xudaverdiyevlər ailəsinin evinə getməsi, belə addım addım atması ilə bağlı rəsmi açıqlama verilməyib. Meydan TV məsələyə 42-ci polis bölməsindən münasibət öyrənə bilməyib. Sualı eşidən kimi dəstəyi asıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T.Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T.Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T.Bağırzadə çıxışlarına görə həbs edildiyini deyir

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/94k90x

Ən çox baxılan