Nardaran məhbusları koronavirusa görə karantinə alındı

Koronavirus ehtimalıyla karantinə alınan daha bir Nardaran məhbusu da həbs edilərkən 16 yaşı tamam olmayan Ramin Yarıyevdir.

Source:


“100-120 nəfər eyni yataqxanada qalırsa, orada yayılmanın qarşısını almaq mümkün olmayacaq”

Həbsdə COVİD-19 (koronavirus) infeksiyasına yoluxma ehtimalıyla karantinə alınanlar arasında Nardaran məhbusları da var. Bu barədə Meydan TV-yə “Müsəlman Birliyi” Hərəkatından məlumat verilib.

Hərəkatın sədr müavini Elçin Qasımov bildirib ki, 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İsa İbrahimovun (Lənkərani) səhhətində xeyli vaxtdır ki, problemlər vardı: “Yaxınlarının bildirdiyinə görə, bir neçə gün idi ki, qızdırma və nəfəs çatışmazlığından əziyyət çəkirdi. Saxlandığı cəzaçəkmə müəssisəsində mümkün tibbi yardımı göstəriblər. Amma dəyişiklik olmayıb. Cəzaçəkmə müəssisəsində onu karantində saxlayıblar. Görüblər ki, yaxşılaşmır, iyulun 11-də “tub zon”a (vərəmli məhbuslar üçün ixtisaslaşmış 3 saylı cəzaçəkmə müəssisəsi) göndəriblər. Orada da sərt karantin rejimində saxlanılır”.

Koronavirus ehtimalıyla karantinə alınan daha bir Nardaran məhbusu da həbs edilərkən 16 yaşı tamam olmayan Ramin Yarıyevdir. O, 2 saylı cəzaçəkməı müəssisəsində saxlanılırdı. E.Qasımovun sözlərinə görə, günlərdir R.Yarıyev yüksək temperaturdan və nəfəs çatışmazlığından əziyyət çəkirdi.

“Cəzaçəkmə müəssisələrində koronavirusun yayılması haqda xəbərlər məhbus ailələrini qorxuya salıb. Onlar öz əzizlərinin səhhətindən narahatdırlar. Təcili tədbir görüləcəyinə ümüd edirik”, – deyə ilahiyyatçı bildirib.

D18 Hərəkatının sədr əvəzi Samirə Ağayeva cəzaçəkmə müəssisələrində COVİD-19 infeksiyasının yayılmasıyla əlaqədar siyasi məhbusların azadlığa buraxılması üçün hökumətə çağırış edib. Hüquq müdafiəçisinin sözlərinə görə, heç bir cinayət törətmədiyi halda həbs olunan insanların həyatı təhlükə altındadır.

Repressiya və İşgəncələr Əlyehinə Komitənin İşçi Qrupunun üzvü Zəfər Əhmədli deyir ki, cəzaçəkmə müəssisələrində virusun yayılmasının qarşısını almaq üçün müəyyən addımlar atılsa da, effekt vermir. Çünki müəssisələrin bir çoxunda şərait pisdir, məhkumların sayı həddindən artıq çoxdur. Onun sözlərinə görə, xüsusən Qaradağ rayonu ərazisində yerləşən 12, 13, 14 saylı cəzaçəkmə müəssisələrində şərait elədir ki, indiki halda nə qədər tədbir görülsə də, virusun yayılmasının qarşısını almaq mümkünsüz olacaq: “Ora ekoloji baxımdan da təhlükəli ərazidir. Cəzaçəkmə müəssisələrinin yaxınlığında daş karxanaları var, külək əsəndə tozu gətirir, məhkumların ciyərlərinə dolur. O müəssisələrdə tez-tez su problemi yaşanır. Azərbaycandakı cəzaçəkmə müəssisələrinin hamısında sıxlıq var. 100-120 nəfər eyni yataqxanada qalırsa, orada nə qədər maska paylansa da, dezinfeksiya işləri aparılsa da, yayılmanın qarşısını almaq mümkün olmayacaq”.

Z.Əhmədlinin fikrincə, çıxış yolu minlərlə məhbusa şamil olunacaq Amnistiya Aktının qəbulu, bu yolla cəzaçəkmə müəssisələrindəki sıxlığın aradan qaldırılmasıdır.

Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev məhkumlar arasında koronavirusa yeni yoluxma hallarının olduğunu təsdiqləyib. Son vaxtlarda cəzaçəkmə müəssisələrində COVİD-19 infeksiyasına yoluxanların sayının cəmi 18 nəfər olduğunu deyən H.Hacıyevin sözlərinə görə, onlar vaxtından əvvəl şərti azadlığa buraxılıb və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.

May ayında Ədliyyə Nazirliyi və Operativ Qərargah məhkumlar arasında 46 nəfərin virusa yoluxduğu açıqlanmışdı.

Ana səhifəSiyasətNardaran məhbusları koronavirusa görə karantinə alındı