Taleh Bağırov və Fuad Qəhrəmanlının məhkəməsi başlayıb
İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 18 nəfərin məhkəməsi başlayıb.
Meydan TV əməkdaşının məlumatına görə, keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman bəlli olub ki, onların bir neçəsinin vəkili yoxdur. Əksəriyyəti isə dövlət hesabına təyin olunmuş vəkillər tərəfindən müdafiə olunur.
Təqsirləndirilən Cabbar Cabbarov vəkildən imtina etdiyini deyib: «Bir «paykovoy» vəkil vermişdilər mənə, hökumət vəkili idi. «Bandotdel»də bizə zülm edəndə, o, məni qorumaq əvəzinə az qalırdı özü də məni döysün».
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məhkəmə heyətinə etiraz etmədiyini bildirib: “Hakimlər dəyişsə də, heç nə dəyişməyəcək. Ona görə etirazım yoxdur. Mənim etirazım bu rejimədir. Əsas odur məhkəmə iclasları tez-tez keçirilsin. Çünki Kürdəxanıda vəziyyət çox pisdir. Orada bu istidə adam saxlamaq mənəvi işgəncədir».
Təqsirləndirilən şəxslərinin bəzilərinin vəkilləri olmadığından, onların müdafiəçi ilə təmin edilməsi üçün prosesdə fasilə elan olunub. Məhkəmənin hazırlıq iclası saat 14:00-da davam edəcək.
«Müsəlman Birliyi» Hərəkatının rəhbəri T.Bağırov ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılır.
Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Rəsmi məlumata görə, Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfərin həlak olub, T.Bağırov və onun 14 tərəfdarıhəbs edilib.