Vəkil cəzaya heç bir səbəb göstərilmədiyini deyir
Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərdən Seyfəddin Şirvanov cərimə kamerasına (kars) salınıb.
Bu barədə Meydan TV-yə onun vəkili Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, S. Şirvanov ötən gün heç bir səbəb göstərilmədən “kars”a salınıb:
“Ona yanvarın 16-dək orada qalacağını deyiblər”.
Penitensiar Xidmətin mətbuat xidmətindən məsələnin araşdırılacağı bildirilib.
S. Şirvanov, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi dekabr ayında başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baxılır.
Adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir.
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub. İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.