”Nardaran işi”ndə polislər ifadə verib

Məhkəmədə təqsirləndirilən şəxslə hakim arasında mübahisə yaranıb

Source:


Məhkəmədə təqsirləndirilən şəxslə hakim arasında mübahisə yaranıb

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları – Şahid Abdullayev, Mehman Mədətov, Elnur Şərifov və Xətai Məmmədov ifadə veriblər.

Şahid Abdullayev ifadəsində bildirib ki, 2015-ci il noyabrın 5-də futbol tədbirində olarkən onlara Sabunçu rayon Polis İdarəsinin qarşısına getmələri barədə əmr verilib. Oraya gedəndə bir qrup şəxsin Elçin  Qasımovun azadlığa buraxılmasını tələb etdiklərini görüb. Onun sözlərinə görə, oraya toplaşanlar polislərə daş atıblar. Atılan daşlardan biri onun ayağına dəyib, amma onu kimin atdığını görməyib.

Xətai Məmmədov isə ifadəsində bildirib ki, həmin hadisələr zamanı əl qandalını itirib, qalxanı isə çatlayıb. Mehman Mədətov və Elnur Şərifov isə onlara daş dəydiyini deyiblər.

Şahid Abdullayev prokurorun suallarını cavablandırarkən ora toplaşanları tanımadığını deyib:

“Sonradan eşitdim ki, təqsirləndirilən şəxslərdən Ağaəli Yəhyayev fəallıq edənlərdən olub”.

Vəkillər isə ondan A. Yəhyayevi haradan tanıdığını soruşublar. Ş. Abdullayev deyib ki, onu müvəqqəti saxlama yerində görüb. Vəkillər ondan hansı əsasla müvəqqəti saxlama yerinə daxil olmasını soruşublar. O, suala cavab verə bilməyib.

Ağaəli Yəhyayev isə deyib ki, Ş. Abdullayev yalan danışır, o, ümumiyyətlə, müvəqqəti saxlama yerində olmayıb: “Məni noyabrın 5-də saxlayıb, Sabunçu rayon Polis İdarəsində işgəncə verdilər. Gecəni maşında saxladılar. Səhər də məhkəməyə apardılar. Oradan da inzibati qaydada həbs olunanların saxlanıldığı təcridxanaya göndərdilər. Onun məni Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində görməsi mümkün deyil”.

Hakim Mayıl Bayramov isə Ağaəli Yəhyayevin sözünü kəsib. Bu isə təqsirləndirilən şəxslə hakim arasında mübahisəyə səbəb olub. Ağaəli Yəhyayev hakimi qərəzli olmaqda ittiham edib. Hakim isə məhkəmənin obyektiv aparıldığını bildirib.

Proses aprelin 28-də davam edəcək.

Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.

“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. Taleh Bağırzadə və onunla birlikdə həbs edilənlər, eyni zamanda sonradan tutulanlar cinayət işinin saxta olduğunu, ittihamların əsassız oldunğunu bildirirlər. T. Bağırzadə hakimiyyəti tənqid edən çıxışlarına görə, həbs edildiyini bildirir.

Ana səhifəXəbərlər”Nardaran işi”ndə polislər ifadə verib