”Nardaran işi”ndə həbs olunanların kassasiya şikayətinə baxılır

Təqsirləndirilənlərin bir qismi məhkəməyə gətiriləcək

Source:
Abbas Hüseyn, Tale Bağırzadə və tərəfdarları
Abbas Hüseyn, Tale Bağırzadə və tərəfdarları


Təqsirləndirilənlərin bir qismi məhkəməyə gətiriləcək

Fevralın 22-də Ali Məhkəmədə “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Şahin Yusifovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər iştirak etməyib. İclasda çıxış edən vəkillər – Fariz Namazlı, Zibeydə Sadıqova və Elçin Sadıqov müdafiə etdikləri şəxslərə qarşı işgəncələrdən, istintaq və məhkəmə zamanı yol verilmiş qanun pozuntularından danışıblar. Bildiriblər ki, hətta məhkəmə dövründə də şahidlərə təzyiq olunub. Onların bir çoxu məhkəməyə gəlməmişdən öncə polis idarəsinə çağrılıb, onlardan Taleh Bağırzadənin əleyhinə ifadə vermək tələb olunub. Vəkillər deyiblər ki, daxili işlər naziri Ramil Usubovun Nardaran əməliyyatı ilə bağlı açıqlaması olub. Əvvəlki məhkəmə instansiyalarında vəkillər Usubovun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə təmin etməyib. Bundan sonra təqsirləndirilən şəxslərə və vəkillərə hücum dalğası başlayıb, telekanallarda bu işə çıxan vəkillər “xüsusi təyinatlı vəkillər” adlandırılıb. Daxili İşlər Nazirliyinin mətbuat katibi məhkəmə başa çatmadan təqsirləndirilən şəxslərin ağır cəza alması haqqqında məlumat yayıb .

Vəkil Z.Sadıqova Nardaran əməliyyatında təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silahlar haqda danışıb. Bildirib ki, cinayət işinin materiallarında həmin silahların Rusiyadakı zavodlarda istehsal olunduğu yazılıb. Həmin zavodlara göndərilmiş vəkil sorğusuna cavab olaraq bildirib ki, onlar belə silah istehsal etməyiblər.

Vəkillər çıxışlarında Nardaran əməliyyatına rəhbərlik etmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun dindirilmədiyini də deyiblər. Onlar təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini, onlara işgəncə verən şəxslərin barəsində xüsusi qərar çıxarılmasını istəyiblər.

Hakim bildirib ki,təqsirləndirilən şəxslərdən üçü – Abbas Hüseynov, Abbas Quliyev və Şamil Abduləliyev Ali Məhkəməyə ərizə göndərib, prosesdə iştirak etmək istədiklərini bildiriblər. Prokuror buna etiraz etsə də, məhkəmə onların müraciətini təmin edib. Növbəti məhkəməyə adları çəkilən şəxslərin gətirilməsinə qərar verilib. Proses bu səbəbdən qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”ndə həbs olunanların kassasiya şikayətinə baxılır