”Nardaran işi” yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Vəkillər protokollarla tanış olmadıqlarını deyir

Source:


Vəkillər protokollarla tanış olmadıqlarını deyir

İyunun 8-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında T. Bağırzadənin vəkili çıxış edərək deyib ki, birinci instansiya məhkəməsində keçirilən iclas protokolları ilə tam tanış ola bilməyiblər. Vəkil bildirib ki, həmin protokollarla tanış olmadan iş Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Məhkəmə buna görə işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması barədə qərar qəbul edib. Bildirilib ki, vəkillər iclas protokolları ilə tanış olub, qeydlərini verdikdən sonra iş yenidən Bakı Apelyasiya Məhkəməsində araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.  Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.

Ana səhifəXəbərlər”Nardaran işi” yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı