Nardaran işi: ”Xəzər TV”-də bizi terrorist kimi təqdim ediblər

Məhkəmədə şahidlər ifadə verib

Foto: Meydan TV
Nardaran İşi
Nardaran İşi


“Xəzər TV”-nin əməkdaşları dəvət olunsun”

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi hərəkatının sədr müavini Elçin Qasımov və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəsatəti əsasında hal şahidi Elnur Məmmədov dindirilib:

“Məni ofisə baxış keçiriləndə sahə müvəkkili dəvət etdi. İçəridə polislər var idi. Onlar video çəkirdilər. Ofisdə stol, stul və dini kitablar var idi. Polislər “Quran”ı və başqa kitabları apardılar. Axtarış günortadan axşama kimi çəkdi”.

Vəkillər Elnur Məmmədovdan dəvət edildiyi zaman ona hüquqlarını izah edib- etmədiklərini soruşublar. Şahid etmədiklərini deyib.

İclasda vəkil Fariz Namazlı bir neçə vəsatətlə çıxış edib. O, təqsirləndirilən Fərhad Muradovun, Ağaəli Yəhyayevin, Seyfəddin Şirvanovun evlərində aparılan axtarış zamanı iştirak edən hal şahidlərinin dindirilməsi, İsa İbrahimovun haqqında Lənkəran İcra Hakimiyyətinin başçısı tərəfindən verilən xasiyyətnamənin sübutlar siyahısından çıxarılmasını, əks təqdirdə icra başçısının məhkəməyə dəvət edilməsi və dindirilməsini istəyib.

Elçin Qasımov da vəsatətlərlə çıxış edib. O bildirib ki, “Xəzər TV”-də terrorist kimi təqdim olunublar:

“Hətta bizim şəklimizi də göstərdilər. Xahiş edirəm, “Xəzər TV”-nin əməkdaşları dəvət olunsun. Görək bu məlumatı onlara kim ötürüb”.

Prokuror vəsatətləri əsassız hesab edərək, onların rədd olunmasını xahiş edib.

Məhkəmə prosesi noyabrın 13-də davam edəcək. Hakim vəsatətlərə həmin gün münasibət bildirəcək.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırzadə və bir neçə nəfər saxlanılıb. Onlar silah saxlama, terrora hazırlıq və digər ağır maddələrdə ittiham ediliblər. Əməliyyat zamanı 2 polis əməkdaşı və 4 kənd sakini ölüb.

E. Qasımov həmin əməliyyatdan bir neçə gün əvvəl saxlanılıb. O, inzibati azadlıqdan məhrum edilib. Sonradan barəsində cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, istintaq dövründə təzyiqə məruz qaldıqlarını deyirlər.

Ana səhifəXəbərlərNardaran işi: ”Xəzər TV”-də bizi terrorist kimi təqdim ediblər