İlahiyyatçı Zülfüqar Mikayılov və digərləri məhkəmə qarşısına çıxarılacaq
Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov və digərlərinin məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda jurnalistlərin iştirakına imkan verilməyib. Məhkəmə icraçıları bunu zalda yerin az olması ilə əsaslandırıblar.
Vəkillərin jurnalistlərə verdikləri məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası yanvarın 30-da davam edəcək.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Əməliyyat zamanı 4 nəfər mülki, 2 nəfər polis əməkdaşı öldürülüb. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və digər şəxslər həbs edilib. Həmin məsələ ilə bağlı cinayət işi bir neçə yerə ayrılıb. Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Növbəti həftə onlara hökm oxunacaq. Taleh Bağırzadənin müavini Elçin Qasımov və 11 nəfərin məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.