”Nardaran işi”: Təqsirləndirilən şəxs ”Bandotdel” əməkdaşları ilə bağlı vəsatət verdi

”Biz hər zaman demişik ki, bizə işgəncə verən Kərim Əlimərdanov, İbrahim Kazımov Mehriban Əliyevaya söyüş söyüblər”

Source:

foto Meydan TV
foto Meydan TV


”Biz hər zaman demişik ki, bizə işgəncə verən Kərim Əlimərdanov, İbrahim Kazımov Mehriban Əliyevaya söyüş söyüblər”

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda çıxış edən təqsirləndirilən şəxs Cabbar Cabbarov onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verən və Mehriban Əliyevaya söyüş söyən polis əməkdaşları barədə vəsatət verib. O bildirib ki, 4 aydır davam edən proses zamanı dəfələrlə bu barədə danışsalar da, hər hansı tədbir görülməyib:”Biz hər zaman demişik ki, “Bandotdel”də bizə işgəncə verən Kərim Əlimərdanov, İbrahim Kazımov Mehriban Əliyevaya söyüş söyüblər. Mən vəsatət verirəm ki, həmin şəxslərin barəsində tədbir görəsiniz. Əgər bundan imtina etsəniz, İlham Əliyevə məktub yazacam ki, onun xanımına söyüş söyülməsi məsələsi ört-basdır edilir. Siz bizə edilən işgəncələri araşdırmırsınız, heç olmasa bunu araşdırın”. Hakim isə deyib ki, bununla bağlı hazırda hər hansı qərar verə bilməzlər. O, məhkəmənin sonunda bu məsələyə münasibət bildirəcəklərini deyib.

Daha sonra hakim ötən iclas zamanı polis əməkdaşı İbrahim Kazımovun yenidən məhkəmədə dindirilməsi barədə vəkillər tərəfindən verilən vəsatətə münasibət bildirib. O, vəsatəti təmin etməyib.

İclasda şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Fərid Səlimov və Samir Əzimov ifadə veriblər. Onlar istintaq zamanı ifadə vermədiklərini, sadəcə yazılanı imzaladıqlarını deyiblər. Taleh Bağırzadə deyib ki, həmin şəxsləri aldadıb ifadəni imzalatdırıblar. Vəkillər onların şahidlik statusuna xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb. Daha sonra fasilə elan edilib. Fasilədən sonra hakim deyib ki, iclasa çağrılan şahidlər gəlmədikləri üçün onların barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib və proses oktyabrın 26-na təxirə salınıb.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlər”Nardaran işi”: Təqsirləndirilən şəxs ”Bandotdel” əməkdaşları ilə bağlı vəsatət verdi