”Nardaran işi”: Polis təqsirləndirilən şəxsi tanımadı

“Deyirdilər, istədiyimizi yazmasan, görüntülərini yayıb, səni biabır edəcəyik”

Source:
Nardaran
Nardaran


“Deyirdilər, istədiyimizi yazmasan, görüntülərini yayıb, səni biabır edəcəyik”

“Kərim Əlimərdanovun otağında dörd nəfər birləşib məni döydülər. Əllərimi bağlamışdılar. Bunların isə əllərində müxtəlif işgəncə alətləri vardı, məni döydülər. Paltarlarımı, şalvarımı çıxartdılar, sonra nə fikirləşdilərsə, dedilər, lazım deyil”.

Bu sözləri məhkəmə iclasında “Nardaran işi” üzrə təqsirləndirilən Elman Ağayev deyib.

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən Zülfüqar Mikayılov, Elman Ağayev, Mehman Quliyev və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili İslam Ağabəyov dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Mehman Quliyevin saxlanılmasında və evindəki axtarışda iştirak edib və onun evindən silah tapılıb.

Vəkillər İslam Ağabəyovdan təqsirləndirilənlər arasında Mehman Quliyevi göstərməsini xahiş ediblər. Bu zaman o, Elman Ağayevi göstərib.

Elman Ağayev deyib ki, İslam Ağabəyovu “Bandotdel”də şöbə rəisi Kərim Əlimərdanovun kabinetində görüb. Orada onu döyənlərdən biri də Ağabəyov olub:

“Kərim Əlimərdanovun otağında dörd nəfər birləşib məni döydülər. Əllərimi bağlamışdılar. Bunların isə əllərində müxtəlif işgəncə alətləri vardı, məni döydülər.

Paltarlarımı, şalvarımı çıxartdılar, sonra nə fikirləşdilərsə, dedilər, lazım deyil. Deyirdilər, istədiyimizi yazmasan, görüntülərini yayıb, səni biabır edəcəyik”. Məni baseball çubuğu ilə döyürdülər. Deyirdilər, sən prezidenti söymüsən”. Mən də dedim ki, söyüş söyən deyiləm və belə hal olmayıb”.

Digər təqsirləndirilən Mehman Quliyev bildirib ki, “Bandotdel”də ona da işgəncə verilib. İslam Ağabəyov da orada olub, amma onu döyməyib: “Şəxsən İslam Ağabəyov özü mənə dedi ki, “yüz faiz bilirəm, sən Müsəlman Birliyi Hərəkatının üzvü deyilsən”. İndi də bunu təsdiqləyirsiz?”

İslam Ağabəyov sualı belə cavablayıb: “Mən heç vaxt qəddar olmamışam, başkəsənlik eləməmişəm. Məni tanıyan tanıyır. Belə bir söz dediyimi xatırlamıram. Bəlkə də demişəm. Yadımda deyil”.

İclasda şahid qismində dindirilən Fərəc Yusifov isə deyib ki, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, çünki onun adından başqa şeylər yazıblar:

“Talehgilin işində mənim adımdan yalan ifadə yazılmışdı. Taleh Bağırzadə Nardaranda Əbülfəzgilin evində qalırdı. Orada olanda mən də bir neçə dəfə həmin evə getmişəm. Talehgil ancaq dini söhbətlər eləyirdi. Amma mənim adımdan yazıblar ki, guya onlarda silah olub, çevriliş hazırlayıblar. Mən belə şeylər görməmişəm”.

Dindirmə zamanı məlum olub ki, Fərəc Yusifov 1999-cu il təvəllüdlüdür, 2016-cı ildə yetkinlik yaşına çatmamış dindirilib. Dindirilən zaman yanında valideynləri və ya başqa qanuni nümayəndə olmayıb.

Vəkil Şəhla Hümbətova bildirib ki, sözügedən ifadəyə istinad oluna bilməz və o, sübutlar siyahısından çıxarılmalıdır.

Məhkəmə iyunun 19-da davam edəcək.

Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrlə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.

T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Nardaran işi”: Polis təqsirləndirilən şəxsi tanımadı