”Nardaran işi”: Neçə nəfərin şalvarını çıxarmışdılar

Şahid: “Polis rəisinin müavini Şaiq deyirdi ki, sizi axtalayacam”

Source:



Şahid: “Polis rəisinin müavini Şaiq deyirdi ki, sizi axtalayacam”

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Ağlamaqla İmam Hüseyn tərəfdarı olmaq olmur

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl çıxış edən Fuad Qəhrəmanlı deyib ki, Kərbəla hadisəsini cəmiyyətə düzgün çatdımaq lazımdır: “Mübarizə öndə duran məsələdir. Biz buna sadəcə yas mərasimi kimi yanaşırıqsa, bu, düzgün deyil. İmam Hüseyn Kərbəlaya gedəndə öz ailəsini də apardı, qurban verdi. Bu gün biz o qurbanı verməyə hazır deyiliksə, Yezid hakimiyyətinə qalib gələ bilməyəcəyik. O, başa düşürdü ki, 70 nəfərlə qalib gələ bilməyəcək. Ancaq bilirdi ki, şəhadətlə insanların vicdanına toxuna biləcək. Ağlamaqla İmam Hüseyn tərəfdarı olmurlar. Gərək onun kimi mübarizə aparasan. Əgər islamçı, dindar olub öz mövqeyini demirsənsə, mübarizə aparmırsansa, sən düzgün yolda deyilsən. Allah nəzərində təqvalı olmaq o demək deyil ki, sadəcə dini ritualları yerinə yetirməlisən. Kim özünü İmam Hüseyn tərəfdarı hesab edirsə, onun mübarizə apardıqlarına qarşı mübarizə aparmalıdır. Əgər belə bir cəmiyyətdə sən narahat deyilsənsə, rahat dindarsansa, deməli, düz yolda deyilsən”.

Daha sonra proses başlayıb. İclasda çıxış edən Abbas Hüseynov qardaşlarının ona təzyiq məqsədi ilə həbs olunduğunu deyib. Bildirib ki, nə olursa olsun, onların azadlıqlarını əllərindən almaq mümkün deyil.

Нардаранские узники
Nardaran məhbusları

Qalxanım sınıb

İclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Ramin Ələkbərov zərərçəkmiş və şahid kimi ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu Rayon Polis İdarəsinin qarşısında toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Hadisə zamanı qalxanı sınıb, qandalı isə itib.

Vəkil Yalçın İmanov hazırda təqsirləndirilən şəxslərdən kiminsə ona daş atdığını, qalxanını sındırıb-sındırmadığını soruşub. Şahid suala “deyə bilmərəm” cavabını verib.

Fuad Qəhrəmanlı isə deyib ki, ona burada olan təqsirləndirilən şəxslərdən heç kim zərər vurmayıb. O, R. Ələkbərovdan zərərçəkmiş statusundan imtina edib-etməməsi barədə soruşub. R. Ələkbərov imtina etmədiyini deyib.

Sovet ideologiyası dəyişməyib

Daha sonra iclasda qısa fasilə elan edilib. Fasilə zamanı çıxış edən Taleh Bağırzadə deyib ki, sovet ideologiyası dəyişməyib: “Onlar necə evlərdə məclis keçirməyə qadağa qoyurdusa, bunlar da elə edirlər. Peyğəmbər deyib ki, kim haramı halal edən, haqsızlıq edən hakimə qarşı çıxmırsa, onların ikisini bir yerdə cəhənnəmə atacaqlar. Yezid də belə olduğu üçün İmam Hüseyn etiraz etdi. İmanı olan bir kəsin xalqına xəyanət etməsinə inanmıram. Vətəni, xalqı sevmək imandandır. Bu gün cəmiyyətdə siyasət müqəddəsləşməlidir”.

Polislərə dedi ki, tapdalayın bunları

İclasda noyabrın 5-də baş vermiş hadisələr zamanı saxlanılan, hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O bildirib ki,ittihamların hamısı saxtadır: “Noyabrın 5-də getdik idarəyə ki, Elçin Qasımovun həbsinin səbəblərini öyrənək. Səhlab Bağırov polislərə dedi ki, tapdalayın bunları. Biz heç kimə daş atmamışıq. 60 yaşlı kişini də tutub basıblar içəri. Bizim basqın etmək fikrimiz olsaydı, yaşlı kişi ilə ora getməzdik. Dəfələrlə polislər dindarları qanunsuz yerə həbs edib, boyunlarına silah, narkotik qoyublar. Qanunla işləsəydilər biz də oraya getməzdik. Sabunçu rayon Polis İdarəsində polis rəisinin müavini Şaiq işgəncə verirdi. Talehin əleyhinə ifadə almaq istəyirdilər. Bizi əlimiz qandallı yerə yıxıb tapdalayırdılar. Neçə nəfərin şalvarın çıxartmışdılar. Söyüb təhqir edirdilər. Şaiq deyirdi ki, sizi axtalayacam. Ağzımızdan qan gəlirdi. Sonra bizi soyuq yerdə səhərə kimi saxladılar. Təbii ehtiyacımızı ödəməyə belə imkan vermədilər. Nardaran hadisələrindən sonra isə “Banditizm”də işgəncələr başladı. Bizə “tok” verirdilər. Kərim Əlimərdanov işgəncə verənlərin başında dayanırdı. Deyirdi, Talehdən əmr aldığınızı deməsən atanı gətirib nakotik qoyacam boynuna”.

Vəkillərin sualların cavablandıran şahid deyib ki, Taleh Bağırzadə hər zaman insan haqlarının qorunmasından, dindən danışıb və dövlət çevrilişi ilə bağlı çağırışlar etməyib: “Bizim məqsədimiz Azərbaycanda həbsdə olan demokratiyanı azad etməkdir. Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayev mənə hökm oxuyanda deyir ki, sənə iş verirəm ki, içəridəkiləri islah edəsən”.

Nardaran
Nardaran

Dedilər, Talehi söy, telefonla çəkək

Daha sonra Sabunçu RPİ-nin əməkdaşı Yaqub Abbaslı şahid və zərərçəkmiş kimi ifadə verib. O, 5 noyabrda baş verən hadisə zamanı xəsarət aldığını, dəbilqəsinin və dəyənəyinin itdiyini deyib.

İclasda şahid qismində hazırda həbsdə olan Niftəli Vəliyev də ifadə verib. O, təqsirləndirilən şəxsləri tanımadığını, noyabrın 5-də məsciddə olan zaman Elçin Qasımovun həbs olunmasını eşitdiyi üçün polis idarəsinin qarşısına getdiyini deyib: “Biz oraya yığışandan sonra Çevik Polis Alayının əməkdaşları bizi döyməyə başladılar. Sonra bizi həbs edib idarəyə gətirdilər. Döyüb, təhqir edirdilər. Deyirdilər, Talehi söy, telefonla çəkək. Mən də razı olmadım. Mənə 6 il cəza veriblər”.

Daha sonra şahid qismində hazırda həbsdə olan Lətif Əhmədov ifadə verib. O da Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün idarənin qarşısına getdiyini deyib: “Orada polislər bizə hücum çəkdilər. Rezin güllə atırdılar. Hamımızı əli bağlı yerə yıxıb tapdalayırdılar. Sonra qaldırıb üzü divara saxladılar. Dua oxuyurdum, dedilər “oxuma”. Rəis də söyüb təhqir etdi idarədə, müstəniq də. Bizə PKK deyirdilər. Rəis müavini Şaiq, Sadiq adlı şəxs işgəncə verirdilər. Taleh Bağırzadə çıxışlarında hər zaman dindən, mehribanlıqdan danışıb”.

Polislər fəhlələrdən haqq yığır

Təqsirləndirilən Şamil Abduləliyev isə iclasda çıxış edərək deyib ki, Nardaran hadisələrində yaralandığı üçün bir müddət Sabunçu xəstəxanasında qalıb: “Orada polis əməkdaşları posta çıxırdılar və mən onların danışığını eşidirdim. Biz 21-ci əsrdə, neft, qaz ölkəsində yaşasaq da, ölkədə hələ də qul bazarları qalır və polislər orada işləyən fəhlələrdən ayda 20 manat haqq yığırlar. Bunun məsuliyyəti ölkəni idarə edənlərin üzərinə düşür. Biz bu cür haqsızlığa etiraz edəndə isə deyirlər ki, dövlət çevrilişi etmək istəyib. Buna görə də biz sonuna qədər gedəcəyik”.

Rəis üzümüzə tüpürürdü

İclasda şahid qismində hazırda həbsdə olan, 5 noyabrda olan hadisələrdən sonra saxlanılan Elvin Bünyadov da ifadə verib. Bildirib ki, onun üzərinə silah qoyublar: “Dedilər, bu sənindi. Dedim,mənim deyil. Dedilər, biz deyirik ki, sənindir. Sabunçu rayon Polis İdarəsində bizi yerə yıxıb tapdalayırdılar. Əynimizdəki paltarları cırıb çıxartdılar. Elə şeylər var ki, qadınların yanında danışmaq istəmirəm. Məni tutanda ikiqat saxladılar. Erməni kəşfiyyatçısını tutsan necə davranarsan, o cür davranırdılar. Elə bilirəm bizi polis geyimində olan ermənilər tutub. İdarədə Talehi və başqa ruhaniləri təhqir edirdilər. 6 il 2 ay mənə hökm oxuyublar. Talehi söyüb deyirdilər, sən də söy. Dedim, o, sizin düşüncədən üstün olan bir şəxsdir. Siz onu tanıya bilməzsiniz. Sabunçu rayon Pollis İdarəsində rəis üzümüzə tüpürürdü”.

Dubinkanı başımda sındırdılar

Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan, 5 noyabr hadisələri zamanı tutulan Sahil Rzayev ifadə verib. O bildirib ki, Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün idarənin qarşısına gedib. Bu zaman onu həbs ediblər: “Məni saxlayanda üzərimdən “Müsəlman Birliyi” Hərəkatının kartları çıxdı. Dedilər, səni göydə axtarırdıq, yerdə tapdıq. İrana getməyimin səbəbini soruşdular. Dedim, İmam Rzanı ziyarətə getmişdim. Onu da söydülər. Kərbəlada adamların üstünə atlarla çıxırdılar, bunlar da batinka ilə çıxıb tapdadılar bizi. Rəis deyirdi ki, bunun başında zərərli fikirlər var, başına vurun. Dubinkanın birin başımda sındırdılar. Soruşdular ki, haralısan, dedim talışam, Lənkərandanam, söydülər. Dedim, talış, türk, kürd fərqi yoxdu, hamımız azərbaycanlıyıq. Türkləri də söydülər. Dedim: “Mehriban Əliyevaya şikayət edəcəm”, yenə söydülər.

Yasamal rayon Polis İdarəsində Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev dedi: “Gəl sənə ev, maşın verək, göndərim get Dubayda azərbaycanlı qızlarla kef elə, amma dediyimiz et. Taleh Bağırzadəyə qarşı ifadə ver. Əgər etməsən, ananını, bacını da həbs edəcəyik”. Dedim: “Mən Talehə qarşı çıxa bilmərəm”. 15 gün Binəqədidə yerləşən müvəqqəti saxlanma yerində qan qusdum. Heç kim maraqlanmadı”.

Prokurorluq araşdırsın görək Ramil Usubovla Mehriban Əliyevanın nə problemi var

Məhkəmədə Taleh Bağırzadə vəsatətlə çıxış edib: “Mən özüm də dəfələrlə bunun şahidi olmuşam. İndi məhkəmədə də bir neçə adam dedi ki, polislər Mehriban Əliyevanı söyüblər. Mən vəsatət verirəm, prokurorluq araşdırsın görək Ramil Usubovla Mehriban Əliyevanın nə problemi var. Niyə ondan belə acıqlıdırlar. Kərim Əlimərdanov, Şahlar Cəfərov, Şaiq adlı polis idarəsinin rəis müavini bunu ediblər”.

Hakim prokurorluğun bu məsələni araşdıracağını deyib.

Proses oktyabrın 14-də davam edəcək.

T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlər”Nardaran işi”: Neçə nəfərin şalvarını çıxarmışdılar