”Nardaran işi”: Məhkəmədə müdafiə tərəfi sıxışdırılır

Vəkillər müdafiə çıxışı edir

Source:
Foto Amerikanın səsi


Vəkillər müdafiə çıxışı edir

Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində  Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Təqsirləndirilən Elman Ağayevin vəkili Akif Əliyev deyib ki, cinayət işi sifarişli və qərəzlidir:

“Cinayət işinin materiallarında Lənkəranın icra başçısının Elman Ağayevlə bağlı yazdığı xasiyyətnamə var. Həmin xasiyyətnamədə Elman bütün ağır cinayətlərdə ittiham edilir. Bu məsələ artıq işin siyasi sifariş olduğunu göstərir. İcra başçısı maraqlı fiqurdur. Prezidentin rayondakı naibidir, onun siyasətini dəstəkləyir. Məhkəmədə müdafiə tərəfi sıxışdırılır. Femidanın tərəzisinə bir tərəfdə bizi, bir tərəfdə prokuroru qoyanda görürük ki tərəzi əyridir. Yaxşı ki, Femida xanımın gözü bağlıdır. İcra başçısı xasiyyətnamədə yazıb ki, Elman təhlükəli ünsürdür və təcrid olunmalıdır. Elman dini ayinləri icra edən, “Quran”da yazılanlara əməl edən şəxsdir. Bu da cinayət deyil. O, vətənə sevgini təbliğ edib. Vəhhabilər, İŞİD, terrorla mübarizədən danışıb. Onun və Zülfüqar Mikayılovun ətrafında çox adam toplaşıb. Çünki insanlar onlara inanıb. Çünki onlar digər din xadimləri kimi həyata keçirilən ayinlərə görə pul almayıblar. Bu da kimlərisə narahat edib”.

Vəkil deyib ki, məhkəmə standartlara cavab vermir:

“Bu, qurama ittihamdır. Mən hakim olmağa cürət etməzdim. Kimlərəsə qanunsuz hökm oxumaqla tək o adamın yox, ailəsinin də həyatını məhv edirlər. Yenə də güman edirik ki, məhkəmə ədalətli qərar çıxaracaq. Elman Ağayev siyasi məhbuslar siyahısına salınıb. Qanunsuz həbsi ilə bağlı şikayəti Avropa Məhkəməsinə göndərilib. Nardaran işi ilə bağlı otuzdan çox şəxs Avropa Məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxslərin heç birinin günahı yoxdur”.

Vəkil sonda müdafiə etdiyi şəxsə bəraət hökmünün verilməsini istəyib.

İclasda çıxış edən Cabir Əliyev və Mübariz İbrahimovun vəkili Bəhruz Bayramov deyib ki, cinayət işi absurddur, sübut yoxdur:

“İstintaq orqanı bilib ki, nə yazsa keçəcək, elə də ediblər. Bu məhkəməyə hörmətsizlikdir. Hamısına bəraət verilməlidir. Bunlar haranı partladıblar, kimi hədələyiblər?”

Mehman Məmmədovun vəkili Xavər İsmayılova da müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Növbəti məhkəmə iclası oktyabrın 2-də davam edəcək.

Ötən prosesdə prokuror Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Təqsirləndirilən şəxslər bir sıra ağır cinayətlərdə ittiha  edilirlər. Lakin   onlar ittihamı qəbul etmirlər. T. Bağırzadə bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. Son həbsini də bununla əlaqələndirən T. Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Nardaran işi”: Məhkəmədə müdafiə tərəfi sıxışdırılır