”Nardaran işi”: ”Məhkəmə salonu vəkillə təqsirləndirilən şəxsin təmas yeri deyil”

Vəkil: ”Hakimin bu fikri yerli qanunverciliyə və beynəlxalq hüquq normalarına ziddir”

Source:


Vəkil: ”Hakimin bu fikri yerli qanunverciliyə və beynəlxalq hüquq normalarına ziddir”

Mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə təyin edilən məhkəmə baş tutmayıb.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesə jurnalistlər buraxılmayıb. İclasdan sonra təqsirləndirilən şəxslərdən Ruzi İsmayılov və Ramil Seyfullayevin vəkili Şəhla Hümbətova jurnalistlərə açıqlama verib. O bildirib ki, iclasda vəkillərdən birinin iştirak etmədiyi üçün hakim iclasda fasilə elan edib.

Fasilə zamanı Ş. Hümbətova müdafiə etdiyi şəxsə bir sənəd vermək istəyib. Lakin məhkəmə nəzarətçiləri vəkilə mane olublar. Fasilədən sonra vəkil Ş. Hümbətova baş vermiş hadisəni hakimin diqqətinə çatdırıb. Lakin hakim məhkəmə nəzarətçilərinə haqq qazandırıb. Bildirib ki, məhkəmə salonu vəkillə təqsirləndirilən şəxsin təmas yeri deyil.

Şəhla Hümbətova hakimin bu fikrinin yerli qanunverciliyə və beynəlxalq hüquq normalarına zidd olduğunu deyir:

“Hakim deyir ki, məhkəmə salonu ünsiyyət yeri deyil. Bu nə deməkdir, başa düşmürəm. Onda mən hər beş dəqiqədən bir prosesi saxlayıb, təcridxanaya gedib onunla görüşməliyəm? Əslində müdafiə etdiyimiz şəxslər bizim yanımızda oturmalıdır. Biz onlarla məsləhətləşmə aparmalıyıq, müzakirə etməliyik, sənədlər verməliyik. Bəs müdafiə hüququ necə qurulmalıdır? Onları barmaqlıqlar arasında saxlamaları bəs deyil, hələ nəsə danışmağa da icazə vermirlər. Məhkəmə nəzarətçisi deyir, “hakim sənədə baxsın, sonra verək”. Hakim də gələndə mən dedim ki, belə hal baş verdi. O da “düz ediblər, nəzarətçilərin işinə qarışa bilməzlər, bura təmas yeri deyil”, – dedi”.

Ş. Hümbətova prosesdə hakimə sualla müraciət edib: “Soruşdum ki, bu ünsiyyət hüququnun pozulması deməkdirmi? Bizim məktubumuz var və təcridxanada təqsirləndirilən şəxslə görüşə bilərik. Lakin bu, düzgün deyil. Onlar hələ ki, təqsirləndirilən şəxslər deyillər. Buna görə onların barmaqlıqlar arasında saxlanılmaları qanunsuzdur və biz istədiyimiz vaxt, heç bir nəzarət olmadan ünsiyyət qura bilərik”.

Fasilədən sonra hakim yenə də vəkillərdən bir neçəsinin olmadığını əsas gətirib və iclası mayın 15-nə təxirə salıb.

Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrlə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.

T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Nardaran işi”: ”Məhkəmə salonu vəkillə təqsirləndirilən şəxsin təmas yeri deyil”