”Bandotdel”də dedilər ki, ”buranın hansı idarə olduğunu bilirsən, yazılan ifadəni imzala, çıx get”
“Bu hadisələr barədə deyilənlər uydurmadır. Orada heç kimdə silah olmayıb, ittihamlar absurddur və məntiqi izahı yoxdur. Taleh Bağırzadənin müraciət kitabçası adlandırılan kitabça heç vaxt mövcud olmayıb”.
Bu sözləri məhkəmədə Nardaran Ağsaqqalları Şurasının sədri Natiq Kərimov deyib.
İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən Zülfüqar Mikayılov, Elman Ağayev, Mehman Quliyev və digərlərinin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda şahidlər ifadə verib. Natiq Kərimov ifadəsində bildirib ki, Nardaranda dövlət əleyhinə çıxışlar olmayıb.
Digər şahid Nicat Hüseynov isə bildirib ki, Zülfüqar Mikayılov və Elman Ağayevi sosial şəbəkələrdən tanıyır. O bildirib ki, 2015-ci il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısından keçərkən bir qrup şəxsin orada toplaşdığını görüb və maraq üçün dayanıb onlara baxıb. Nardaran sakini olan N. Hüseynov deyib ki, bundan beş dəqiqə sonra polis əməkdaşları onu saxlayaraq idarəyə apararaq döyüblər. Bir neçə gündən sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq Nardaran hadisələri barədə yazılmış ifadəni imzalatdırıblar:
“Bandotdel”də dedilər ki, “buranın hansı idarə olduğunu bilirsən, yazılan ifadəni imzala, çıx get”. Mən də qorxumdan onlar deyən kimi etdim”.
Şahid Samir Hüseynov isə Z.Mikayılov və E. Ağayevi ilahiyyatçı kimi tanıdığını, Nardaran hadisələrindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyini, orada ondan Taleh Bağırzadə və “Müsəlman Birliyi” hərəkatı barəsində soruşduqlarını deyib. Bildirib ki, ondan Zülfüqar Mikayılov və digər təqsirləndirilən şəxslər haqqında heç nə soruşmayıblar.
İclasda ifadə verən şahid Zamin Məlikov isə Taleh Bağırzadəni bir dəfə gördüyünü, onun hakimiyyətə qarşı çıxışlar etdiyini eşitmədiyini deyib. Lakin o, istintaq dövründə bunun əksini deyib. Vəkillər ondan ziddiyyətlərə aydınlıq gətirməsini istəyiblər, lakin o, sualları konkret cavab verməyib. Zülfüqar Mikayılov ondan konstitusion quruluşu dəyişmək ifadəsinin nə demək olduğunu soruşub. Bildirib ki, şahid istintaq zamanı ifadəsində məhz həmin ifadəni işlədib. Lakin şahid bu ifadənin nə demək olduğunu bilmədiyini deyib.
Vəkillər isə bildiriblər ki, Z. Məlikov Nardaran hadisələri ilə bağlı cinayət işlərindən birində hal şahidi kimi də iştirak edib. Vəkil Akif Əliyev onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Hakim deyib ki, bununla bağlı vəsatət verilsə, baxılacaq.
Təqsirləndirilən şəxslərdən Mehman Məmmədov isə günahsız yerə həbsdə olduqlarını deyib: “Biz deyirik ittiham əsassızdır. Şahidlər də gəlib bizim dediklərimizi təsdiq edir. Bizim bu işlərlə heç bir əlaqəmiz yoxdur və ittiham quramadır”.
Zülfüqar Mikayılov isə deyib ki, onları dövlətə düşmən kimi təqdim etmək lazım deyil: “Biz də bu dövlətin övladlarıyıq, dövlətimizi sevirik. Əgər bizi düşmən bilirlərsə, bunu açıq desinlər”.
Təqsirləndirilən şəxslər məhkəməyə kondisioner olmayan avtomobillərdə gətirilmələrinə də etiraz ediblər.
Proses iyulun 7-də davam edəcək.
Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrlə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.
T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.