”Nardaran işi”: İlham Əliyevin canına and iç

Abbas Hüseynov: “Bu adam “Bandotdel”də bizə deyirdi ki, İham Əliyevin mühafizəçiləridirlər”

Source:
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)


Abbas Hüseynov: “Bu adam “Bandotdel”də bizə deyirdi ki, İham Əliyevin mühafizəçiləridirlər”

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Fuad Qəhrəmanlının, eləcə də “Nardaran işi” üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, məhkəmə iclasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, iş üzrə şahid və zərərçəkmiş kimi tanınan Ceyhun İmamverdiyev sualları cavablandırıb.

Vəkil Yalçın İmanov bildirib k, C. İmamverdiyev noyabrın 27-də günorta saatlarında ifadə verib. O, ifadəsində hasardan qaçan şəxsin Fərhad Balayev olduğunu deyib. Əslində isə, F.Balayev noyabrın 27-də axşam saatlarında tutulub.

C. İmamverdiyev vəkilin “Siz bunu necə izah edə bilərsiniz?” sualına cavabında “Bu əməliyyat yolu ilə müəyyənləşdirilib” deyib.

Hakim Ə.Abbasov isə vəkildən əməliyyat yolu ilə müəyyən edilən məlumatlarla bağlı sual verməməyi xahiş edib. O, bildirib ki, əməliyyat yolu ilə müəyyən edilən məlumatlarla bağlı açıqlama vermək qanunla qadağandır.

Y.İmanov T. Bağırzadənin olduğu evin həyətində əlavə mühafizə qüvvələrinin daxil olub-olmadığı haqda sual verib. O, əlavə qüvvələr görmədiyini deyib.

T.Bağırzadə isə bildirib ki, əməliyyat bir saata yaxın çəkib: “Necə olub ki, həmin evə kənd adamları gəlməyiblər. Halbuki, həmin ev kəndin mərkəzindədir”.

Şahid həmin evin əməliyyat zamanı polislər tərəfindən mühafizə olunduğunu deyib: “Bəlkə də, kimsə gəlib içəri buraxmayıblar”.

Abbas Hüseynov Taleh Bağırzadə ilə birgə
Abbas Hüseynov Taleh Bağırzadə ilə birgə

T.Bağırzadə isə şahidin ifadəsini fantaziya adlandırıb: “Deyir ki, iki nəfər əlində qumbara iki metrlik hasardan tullanıb qaçıb. Bu, heç fantaziya filmlərində da olmur. Marsdan danışmırıq ki?! Gedib həmin əraziyə baxmaq olar. Bu adam idmançı olub. Qaçanları necə zərərsizləşdirə bilməyib?”.

Hakim bunun T.Bağırzadənin fikri olduğunu deyib. T.Bağırzadə isə məhkəmədə insanların həyatının həll olunduğunu deyib: “Dediklərinizi əsaslandırın. Siz necə olur ki, qaçan adamın başındakı ağ tükləri görürsünüz? Siz elə bil ki həmin adamlara detallı baxmısınız, amma siz orada qumbara atılmasını güllə atılmasını görməmisiniz. Bəs, niyə deyirsiniz ki, bunlar olub?”.

C. İmamverdiyev isə nəyi görübsə, hamısını dediyini bildirib. Hakim isə Tbağırzadəyə bildirib ki, ifadəni necə istəsə şərh edə və sonra ifadəsində bununla bağlı danışa bilər.

T.Bağırzadə isə hakimlərdən obyektiv araşdırma tələb etdiyini bildirib: “Siz hakimsiniz. Obyektiv araşdırma aparmalısınız. Gedib həmin yerə baxa bilərsiniz”.

Hakim isə işdə olan sxemlərə baxdıqlarını deyib: “Mən gedib baxsam da gəlib burda gördüklərimlə bağlı ifadə verə bilmərəm. Biz hər adamı dindirəndə durub ora gedəsi deyilik”.

Şahid Etibar İsmayılovun əlində xəncər olduğunu, üzərindən qumbara çıxdığını bildirib. E.İsmayılov isə üzrəində silah olmadığını deyib: “Mən Qarabağ əliliyəm. Mənim üçün qumbara atmaq daha asandır, nəinki xəncər oynatmaq. Məndə silah olmayıb”.

İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması, vəkil Nemət Kərimli isə şahid Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.

N.Kərimli bildirib ki, E.Tağıyev ona suallara cavabları xatırlamadığını deyib. Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib. O, ifadəsində bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda T. Bağırzadənin yaşadığı evdə əməliyyat tədbiri keçiriblər. Onun sözlərinə görə, əməliyyat zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, evdə olan şəxslər onlara tabe olmayıblar və atışma baş verib. O, əlində silah olan Cabbar Cabbarovu zərərsizləşdirib.

Təqsirləndirilən Abbas Hüseynov isə ondan İlham Əliyevin canına and içməyi tələb edib: “Bu adam “Bandotdel”də bizə deyirdi ki, İham Əliyevin mühafizəçiləridirlər. Ona görə də, burada düz danışacağına dair onun canına and içsin”.

Hakim isə təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, təhqir olsa, iclası dayandıracaq.

T.Bağırzadə isə bildirib ki, həmin şəxsin adı cəlladdır: “Bunun adı azərbaycanlı adı deyil. Cəlladdı bu adam”.

C. Cabbarov isə Ş. Cəfərovun prezidentin xanımını söydüyünü deyib: “Bu adam prezidentin arvadını söyüb. Siz bunu müdafiə edirsiniz”.

Vəkillərin suallarını cavablandıran Ş.Cəfərov bildirib ki, heç kimə işgəncə verməyib. Vəkil Yalçın İmanov ondan əməliyyat tədbiri zamanı videoçəkilişdən istifadə etməmələrinin səbəbini soruşub. Şahid bunu qrup rəhbərinin cavablandıra biləcəyini deyib: “Gələn dəfə istifadə edərik”.

Yalçın İmanovun “Növbəti dəfə də belə əməliyyat keçirmək istəyirsiniz?” sualına şahid “Lazım olsa, keçirdərik” cavabını verib.

T.Bağırzadə isə Ş.Cəfərovun əməliyyatda iştirak etdiyini deyib: “Fərayıl Bünyatovu maşında döyüb öldürənlərdən biri də bu olub. Çox pis söyüşlər söyürdü. Mənə Əli Kərimli, Cəmil Həsənli, Milli Şura ilə bağlı işgəncə verən, söyənlərdən biri də bu olub. Elə sözlər işlədib ki, dilə gətirmək olmur. Məni öldürsəydi bəlkə də keçmək olardı, amma o, söyüşlər unudulmur.

Maşında qansızlıq yırtıcılıq edən bu adam idi. Fərayılın qolunu bağlayanda başına vururdular. Amansızcasına öldürdülər onu. Burada nə qədər polis gəlib ifadə verib. Amma bu qədər aqressiya göstərilməyib onlara qarşı. Vəli Ələsgərov, Akif Çovdarov bu gün mələyir. Sən onların yanında uşaqsan. Onlar da nə qədər qan tökmüşdülər. Sənin axırın pis olacaq. Bir gün qanunla cəzanı alacaqsan”.

Ş. Cəfərov isə T.Bağırzadənin yalan danışdığını deyib.

Hakim isə hər dəfə təqsirləndirilən şəxslərin iclası pozduqlarını deyib və məhkəmənin sentyabrın 7-də davam edəcəyini bildirib.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlər”Nardaran işi”: İlham Əliyevin canına and iç