”Nardaran işi”: İdarənin həyətində vurub, dişlərimi tökdülər

Əməliyyat müvəkkili Ceyhun İmamverdiyev: “ “Mənə müqavimət göstərəndə onu zərərsizləşdirib yerə yıxdım. Yəqin yıxılanda xəsarət alıb”.

Source:

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) baş əməliyyat müvəkkili Ceyhun İmamverdiyev şahid və zərərçəkmiş şəxs qismində ifadə verib. O bildirib ki, idarəyə Taleh Bağırzadənin silahlı dəstə yaratması, hakimiyyəti zorla ələ keçirməsi, Nardaran qəsəbəsində tərəfdaşları ilə görüşlər keçirməsi haqqında daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Şahidin sözlərinə görə, iki polis əməkdaşı Taleh Bağırzadənin qaldığı evin həyətinə daxil olan zaman qumbara atılıb və onlar yaralanıb. Xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəf atəş açıb: “Evdən uca səslə danışan iki nəfərin səsi gəlirdi. Onlar deyirdilər ki, atəşi dayandırmayın, öldürün kafirləri. Görsünlər ki, hara gəliblər. Mən həyətə girəndə iki nəfər əllərində qumbara hasardan tullanıb qaçdı. Mən evdə bir nəfəri saxladım. Onun əlində xəncər var idi. Həmin adamın şəxsiyyətini müəyyən edilən zaman Etibar İsmayılov olduğu məlum oldu. Həyətə baxış keçirilən zaman sol tərəfdə olan tikilidən silahlar və həyətdən “Molotov” kokteylləri aşkar edildi. Yaralanan şəxslərə isə ilkin tibi yardım göstərildikdən sonra tibbi yardım maşını ilə xəstəxanaya aparıldılar”.

Daha sonra o, prokurorun və vəkillərin suallarını cavablandırıb. Vəkil Yalçın İmanov ondan əməliyyatda başqa güc strukturlarının da iştirak edib-etməməsini soruşub. Şahid əməliyyatda başqa güc strukturlarının iştirak etmədiyini deyib. Yalçın İmanov ondan neçə güllə atdığını soruşub. Ceyhun İmamverdiyev 7 güllə atdığını, ilk 2 güllənin xəbərdarlıq atəşi üçün istifadə edildiyini, beş gülləni isə atəş gələn tərəfə atdığını deyib. Yalçın İmanov şahiddən atəş açan zaman hədəfi görüb-görməməsini, atdığı güllələrin kiməsə dəydiyini bilib-bilməməsini soruşub. Şahid hədəf görmədiyini, güllələrin kiməsə dəyməsindən məlumatsız olduğunu bildirib.

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)
İlahiyyatçı Taleh Bağırovun məhkəməsi (arxiv foto)

Vəkil Yalçın İmanovun “Bütün şahidlərin ifadəsi niyə eynilik təşkil edir” sualına isə hakim etiraz edib. Hakim Əlövsət Abbasov sualın çıxarıldığını deyib, bildirib ki, ifadələr müstəntiq tərəfindən yazılıb. Şahid vəkilin “İfadənizi özünüz yazmısınız” sualına isə cavab olaraq bildirib ki, ifadəsini o deyib, müstəntiq yazıb. Vəkil Yalçın İmanov təqsirləndirilən Etibar İsmayılovun üzərində olan xəsarətlərin nədən yarandığını soruşub. Ceyhun İmamverdiyev suala belə cavab verib: “Mənə müqavimət göstərəndə onu zərərsizləşdirib yerə yıxdım. Yəqin yıxılanda xəsarət alıb”.

Etibar İsmayılov onu həbs edən şəxsin Ceyhun İmamverdiyev olmadığını, onu idarədə (BMCMİ) gördüyünü deyib. Şahid təqsirləndirilən şəxsin yalan danışdığını söyləyib. Bu isə təqsirləndirilən şəxslərdən Abbas Hüseynovun etirazına səbəb olub. O, şahidin təqsirləndirilən şəxsi təhqir etdiyini bildirib: “Siz hakimlər də ifadələrdə ona kömək edirsiniz. Elədirsə, o getsin, sizi dindirək”. Hakim Əlövsət Abbasov isə bildirib ki, hər prosesdə təqsirləndirilən şəxslər gərginlik yaradır.

Təqsirləndirilən Etibar İsmayılov saxlanılan zaman üzərində silah olmadığını deyib: “Məni saxlayanda burnumdan vurdular, qanadı. Maşında da təpiklə vurub dodağımı partlatdılar. İdarənin həyətində isə dişlərimi tökdülər”.

Vəkillər hasardan tullanıb qaçan şəxslərin əllərində qumbara olmasını necə gördüyünü soruşublar. Şahid qumbaranı çox gördüyü üçün tanıya bildiyini deyib: “Biz qumbaranı çox görürük. Ona görə qumbaranı tanımaq bizim üçün problem deyil. Onun ölçüləri standart olur”.

Ceyhun İmamverdiyev vəkillərin “Hansı zərəri çəkmisiniz” sualına cavab olaraq bildirib ki, ona güllə dəysə də, qoruyucu jilet olduğundan xəsarət almayıb: “Bizə atəş açılıb, müqavimət göstərilib, iki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?”

Təqsirləndirilən şəxslərdən, hadisə zamanı güllə yarası alan Şamil Abduləliyev isə onun xəstəxanaya kənd sakinləri tərəfindən aparıldığını deyib. Vəkillər bildirib ki, bununla bağlı rəsmi sənəd var ki, Şamil Abduləliyevi xəstəxanaya kənd sakinləri aparıblar. Ceyhun İmamverdiyev isə həqiqəti söylədiyini, bu haqda suala cavab verdiyini deyib.

İclasda çıxış edən təqsirləndirilən şəxslərdən Zakir Mustafayev də şahidin yalan danışdığını deyib: “Mən hansı sürətlə tullanıb qaçmışam? Halbuki orada polislər olub. Bir Allah şahiddir ki, bu ifadələrin hamısı yalandır. Mən evin içində qalmışdım. Divarda da başımın qanı olub. Sizin ifadələrin hamısı yalandır”.

Məlumat üçün bildirək ki, Ceyhun İmamveriyev hasardan əlində qumbara tullanıb qaçan şəxslərdən birinin Zakir Mustafayev olduğunu iddia edir.

Daha sonra prosesdə fasilə elan edilib. Fasilədən sonra hakim bildirib ki, hər dəfə xəbərdarlıq edilməsinə baxmayaraq vəkillərin çoxu iclasda iştirak etmir. Buna görə hakim iclasın sentyabrın 1-də davam edəcəyini deyib.

Ana səhifəXəbərlər”Nardaran işi”: İdarənin həyətində vurub, dişlərimi tökdülər