”Nardaran işi”: Hansı vicdansız uşağının beşiyinə silah qoyar?

“Məni burada olan Mehman Məmmədovla səhv salıb tutublar”

Source:
Nardaran
Nardaran


“Məni burada olan Mehman Məmmədovla səhv salıb tutublar”

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nararan qəsəbəsində baş vermiş insidentdən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyev ifadə verib. O, Z. Mikayılovu məsciddən tanıdığını deyib:

“Mən Qarabağ müharibəsində iştirak etmişəm. Müharibə veteranıyam. Qabırğalarımın hamısı protezdir. Bütün ittihamlar yalandır. “Bandotdel”də deyirdilər, bir kiloqram narkotiki qoyarıq boynuna. Üzlərinə baxanda bildim, nə yuvanın quşudular. Onlar bədbəxt adamlardır. Bəlkə də kimsə onları sıxıb, onlar da belə ediblər. “Quran” oxuyan adamdan terrorçu olar? Bizi əvvəlcə Allah tanıyır. Həbsdə nə qədər “mənəm-mənəm” deyən yatır. Biz də yatarıq. Taleh Bağırzadə ilə heç bir dəfə də görüşməmişəm. Məsciddəki çıxışlarından tanıyıram. Talehin kitabçası ilə bağlı məsələni burada eşitmişəm. Mən Dağıstana mal gətirməyə gedirdim. Sərhəddə saxlayıb “Bandotdel”ə gətirdilər. Dedilər: “Səndə silah var”. Məndə heç vaxt silah olmayıb. Biz nə cəza versələr, çəkəcəyik. Təki xalq yaxşı yaşasın. Allah məni sayıb ki, bu cür qardaşlarla birlikdə həbs olunmuşam. Evdə axtarış aparıblar. Guya orada silah tapılıb. Özləri qoyub özləri də götürdülər. İki hal şahidi gətirmişdilər, heç ayaq üstə dura bilmirdilər. Mənə dedilər: “Əmr yuxarıdan gəlib, həbs olunmalısan”. Uşağımın gözü qarşısında həbs etdilər. Uşaq nevroz olub. Yazılanların hamısı yalandır. Hakimiyyəti dəyişmək hara, məscid hara? İstintaq zamanı ailəmlə əlaqəyə imkan vermədilər. İstintaq zamanı Oqtay adlı vəkil vermişdilər. O da “Bandotdel” əməkdaşları kimi davranırdı”.

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Mehman Quliyev ifadə verib. O bildirib ki, dövlət çevrilişi barədə düşünməyiblər və silahı olmayıb:

“Məni burada olan Mehman Məmmədovla səhv salıb tutublar. Başıma döyə-döyə soruşdular “Sən Mehmansan?” Sonra bildilər səhv tutublar. Dedilər, eybi yox, iki Mehmanla bir şey olmaz. Nardaran hadisələrindən sonra Nardaran blokadaya alınmışdı. Bir həftə evə çörək ala bilmədik. Nardaran haqqında elə bir mif yaratmışdılar ki, cavanları vəhşi kimi təqdim edirdilər. Nardaran da bu ölkənin bir hissəsidir. Evə vəhşi kimi hücum edib, məni həbs etdilər. Qışqırırdılar ki, təslim ol, silahları ver. Məni və atamı həbs etdilər. Sonra dedilər: “Sənə şad xəbərimiz var, atanı buraxırıq”.

Sabunçu rayon Polis İdarəsində bir nəfər gəlib mənə təpik vurub dedi ki, uşağının beşiyində silah tapılıb. Sonra məni “Bandotdel”ə apardılar. Evdə suvenir xəncər var. Onunla bağlı mənə ittiham veriblər. Elə bi adam başı kəsmişik. Ziya adlı müstəntiqin yanına aparıb tələb etdilər ki, sənədlərə qol çək. Hamısını təzyiq altında imzaladım. “Bandotdel”də rəis polislərə hirslənib dedi ki, tapançanı evə qoyanda gülləsini da qoymaq lazımdır. Hansı vicdansız uşağının beşiyinə silah qoyar? Axtarış zamanı iki hal şahidi var idi. Heç ayaq üstə dura bilmirdilər. Polislər onlara hirslənib dedilər ki, yaxşı işləmirsiniz, çağıranda gəlmirsiniz. Mən heç vaxt silah görməmişəm. Silah nəyimə lazımdır? Əgər pulum olsaydı, odun alardım. Burada saxlanılanların heç birin tanımıram. Yazıblar guya əlaqəmiz olub. Məndən bir gün sonra əmim oğlunu da foks edib tutublar. Müstəntiq dedi: “Nə deyirik yaz, yoxsa səni də Talehgillə birlikdə tutacağıq”. Məni təhqir edirdilər. Əli qandallı ifadəni yazmışam. Tutulanlarla “Bandotdel”də nalayiq hərəkətlər edirdilər”.

Daha sonra iclasda Elxan Həsənov ifadə verib. O bildirib ki, idmanla məşğuldur və Nardaran hadisələri olanda Kərbəlada olub:

“Məni sərhəddə saxladılar və ailəmlə hədələdilər. Kinkboksinq Federasiyasının prezidenti Adil Əliyev məni yaxşı tanıyır. İttihamlar saxtadır. Dedilər ki, əmr yuxarıdan gəlib, həbs edilməlisən. Lənkəranda evimdə axtarış aparılanda Cəlilabaddan hal şahidi gətirmişdilər. Elə bil Lənkəranda adam yoxdur. Taleh Bağırzadə ilə heç bir əlaqəm tanışlığım yoxdur”.

Təqsirləndirilən şəxslərdən Ramil Seyfullayev də ifadə verib. Bildirib ki,onu aldadıb sənədləri imzalatdırıblar:

“Dövlət tərəfindən verilən vəkil dedi ki, boş şeydi, imzala. Mən də imzaladım. Sonradan gördüm ki, həmin ifadəyə görə mənə ömürlük cəza verilə bilər. Mənim Taleh Bağırzadə ilə hər hansı əlaqəm olmayıb. Onun çıxışlarına internet vasitəsilə baxmışam və telefonumda bu çıxışlar olub. Dövlət tərəfindən verilən vəkil Cəfər Hacıyev bilinmirdi mənim, yoxsa onların vəkildir. Mən üçüncü qrup əliləm. Qumda təhsil almışam. Oradan qayıtdıqdan sonra MTN-nin Gəncə şöbəsinin əməkdaşı Ceyhun tez-tez bizi çağırıb söhbət edirdi. Yəni demək istəyirdi ki, biz nəzarətdəyik. Bunu bilən hansı adam üzərində silah gəzdirər? Mənə Talehin kitabçası ilə bağlı ittiham verilib. Mən o kitabçanı görməmişəm. Xahiş edirəm, verin, baxım görüm o nədir. “Müsəlman Birliyi” Hərəkatı ilə əlaqəm olmayıb. İstintaq zamanı elə işgəncələr veriblər ki, danışmağa xəcalət çəkirəm. Burada bu haqda danışa bilmirəm”.

Proses martın 13-də davam edəcək.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Taleh Bağırzadə məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Hansı vicdansız uşağının beşiyinə silah qoyar?