Təqsirləndirilən şəxslər şahidləri yalan danışmaqda suçladı
“2015-ci il noyabrın 26-da bizə məlumat verildi ki, Zülfüqar Mikayılov silah-sursat saxlayır və Taleh Bağırzadə ilə əməkdaşlıq edir. Məlumatı alandan sonra əməliyyat qrupu yaradıldı. Mən rəhbər təyin edildim və Xırdalana getdik. Orada binanın həyətində Zülfüqarı saxladıq. O, üzərində olan silahı bizə verdi. Daha sonra evə qalxdıq. Oradan silah-sursat və Taleh Bağırzadənin kitabçaları tapıldı. O, bizə müqavimət göstərmədi. Biz də müqavimət göstərmədik. Biz evdə axtarış yox, baxış keçirmişik”.
Məhkəmə prosesində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Emin Səfərov belə deyib. Şahid qismində ifadə verən E.Səfərov keçirilən əməliyyata rəhbərlik etdiyini bildirib.
Ondan əvvəl isə hakim vəkillərə irad tutub.
Vəsatət təmin edilmədi
Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasa
təqsirləndirilən şəxslərdən bəzilərinin vəkilləri gec gəliblər. Hakim Zeynal Ağayev bununla bağlı vəkillərə iradını bildirib. Qeyd edib ki, vəkillərin intizamsılığı barəsində Vəkillər Kollegiyasına müraciət ediləcək. İclasda Əli Hüseynovun vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edib. Bildirib ki, müvəkkili bir sıra xəstəlikdən əziyyət çəkir. Z.Sadıqova Əli Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Dövlət ittihamçısı isə vəsatəti əsassız hedab edib. Prokuror qeyd edib ki, müalicə müəssisəsində məhkumlara hər bir şərait yaradılıb. Məhkəmə vəsatəti təmin etməyib.
“Vicdanın qarşısında cavab verəcəksən”
Prosesdə şahid qismində ifadə verən Emin Səfərov sualları cavablandırıb. O, sualların çoxuna “xatırlamıram” cavabını verib. Bunu onunla əsaslandırıb ki, əməliyyatın üzərindən iki il keçdiyi üçün bəzi məsələlər yadından çıxıb. Zülfüqar Mikayılov isə şahidə deyib ki, o, vicdanı qarşısında cavab verməli olacaq:
“Cavan oğlansan, bunu sənə yaraşdırmıram. Biz buradan çıxacağıq, ancaq sən vicdanın qarşısında cavab verəcəksən. Əməliyyata rəhbərliyi sən etmirdin. Başqa bir əməliyyatçı rəhbərlik edirdi. Məni evimin qarşısında yox, maşının yanında tutublar. Onun dediklərini hamısı yalandır. Şahidi başqa yerdən gətirdini. Qonşulardan şahid ola bilərdi. Siz özünüzlə gətirdiyiniz şahidlərin hərəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində beş manat verəndə mən gördüm. Tapançanı özləri mənim üzərimə qoyub, götürdülər. Evdə yüz manatım var idi, onu da götürdülər. Əməliyyat zamanı yoldaşım və balaca qızım da evdə idi. Onlar ağlayırdılar”.
“Evdən Taleh Bağırzadənin kitabı çıxdı”
İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hətəm Əliyev də ifadə verib. O da oxşar ifadə verib. Bildirib ki, X.Mikayılovu saxlayıblar və onun evinə baxış keçiriblər. Baxış zamanı silah və T.Bağırzadənin kitabçaları tapılıb. Daha sonra sualları cavablandıran H. Əliyev sualların çoxuna “xatırlamıram” cavabını verib. İclasda məlum olub ki, Z. Mikayılovun evinə baxış protokolunda H. Əliyevin ad və soyadı olsa da, imzası yoxdur. Vəkil Ramiz Məmmədov bunun səbəbini soruşub. Şahid bunu texniki səhv adlandırıb. Vəkillər ondan tapılan tapançanı hara qoyduqlarını soruşub. H.Əliyev tapançanı zərfə qoyduqlarını deyib. Vəkillər isə ondan tapançanın zərfə yerləşib-yerləşməməsini soruşublar. Şahid vəkillərə “atmaca atmayın” cavabını verib.
“Yalan danışır”
İclasda daha bir polis əməkdaşı Elşən Camalov da ifadə verib. Onun sözlərinə görə, Z.Mikayılov özü etiraf edib ki, evində silah var. Bu isə Z.Mikayılovun narazılığına səbəb olub: “Yalan danışır, heç olmasa “etiraf etdi” ifadəsin işlətməsin”. İclasda məlum olub ki, şahid Eldar Bünyadıovun da saxlanılması əməliyyatında iştirak edib. E.Bünyadov deyib ki, şahid onu saxlayandan sonra hədələyib. Ona “əgər istədiklərimizi yazmasan səni incidəcəyik” deyib:
“Mənə köhnə tapança qoymuşdunuz”. Şahid isə ona “yenisini alardın, onu qoyardıq” – cavabını verib. E.Bünyadov deyib ki, Konstitusiyanı onun dayısı Cəfər Mövsümov yazıb. O bildirib ki, bu cür hərəkətlər etmək düzgün deyil:
“Mənim cibimdə heç alma kəsməyə bıçaq da olmayıb” .
Proses aprelin 17-də davam edəcək.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və digərləri saxlanılıb.
Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Taleh Bağırzadə məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.