”Nardaran işi”: Bütün ifadələr işgəncə yolu ilə alınıb

Məhkəmədə vəkillər çıxış edib

Source:
Nardaran – İllustrasiya meydan.tv
Nardaran – İllustrasiya meydan.tv


Məhkəmədə vəkillər çıxış edib

“Mehman Quliyev 4 dəfə dindirilib və hər dəfə “Talehi tanıyırsanmı” sualı verilib. O, həbs olunmazdan əvvəl Taleh Bağırzadəni tanımırdı və “Müsəlman Birliyi” Hərəkatının üzvü deyildi”.

Bu sözləri vəkil Zibeydə Sadıqova məhkəmədə müdafiə nitqi söyləyərkən deyib.

Oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Quliyev və Əli Hüseynovun vəkili Zideydə Sadıqova çıxış edib.

Mehman atası ilə birgə tutulub

Vəkil Nardaran kəndinin tarixini və kəndin əksəriyyəti dini kəsim olduğunu xatırladıb. Daha sonra o, DİN-nin əməliyyatı və bəyanatı barədə danışıb:

“2015-ci ilin noyabr ayında keçirilən əməliyyat zamanı kənd mühasirəyə alınmışdı, çörək maşınları buraxılmamışdı. İlk əməliyyat 26 noyabr 2015-ci ildə keçirilib, Mehman Quliyev isə dekabrda tutulub və onun evində də silah tapılıb. Noyabrdan dekabra qədər xeyli vaxt keçdi. Bu müddət ərzində o, heç olmasa silahları gizlədə bilərdi. Əməliyyatçılar özləri ilə şahid gətiriblər.

Əli Hüseynovun saxlanmasında da eyni vəziyyət yaranmışdı. Həmin hal şahidlərin başqa işlərdə iştirak etməsi də müəyyənləşdirildi. Onlar hətta Cinayət Məcəlləsinin 234-cü maddəsilə təqsirli biliniblər. Axtarış zamanı 20-dən çox qara maskalı şəxslər daxil olub, qeyri-insani hərəkətlərinə yol veriblər. Mehman atası ilə birgə tutulub. Sonra 30 dəqiqə maşında saxlanılıb. Heç bir müqavimət göstərmədiyi halda onlara qarşı zorakılıq tətbiq olunub. Mehman tutulanda Sabunçi RPİ-yə aparılıb və onda zorla, işgəncələr tətbiq olunmaqla ifadələr alınıb”.

İfadələr sübutlar siyahısından çıxarılsın

Vəkil deyib ki, müdafiə tərəfi dəfələrlə məhkəməyə vəsatətlə müraciət edib:

“Vəsatətlərdə müstəntiq İlyas Seyidovun dindirilməsi xahiş olunurdu. Müdafiə etdiyim şəxslərin müdafiə hüququ pozulub. Onlara istintaq zamanı təyinatlı vəkil dəvət olunub. Mehman Quliyev 4 dəfə dindirilib və hər dəfə “Talehi tanıyırsanmı?” sualı verilib. O, həbs olunmazdan əvvəl Taleh Bağırzadəni tanımırdı və Müsəlman Birliyi Hərəkatının üzvü deyildi.

İstintaq zamanı Əli Hüseynovun oğlu dindirilib. Xatırladım ki, Konstitusiyaya görə onun yaxın qohumlarına qarşı ifadə verməmək hüququ var idi. Ona görə onun ifadələri sübutlar siyahısından çıxarılmasını xahiş edirəm. O cümlədən müdafiə etdiyim şəxslər barəsində bəraət hökmünün çıxarılmasını, işgəncə verən şəxslər barədə xüsusi qərar qəbul edilməsini və Avropa Konvensiyasının 3,5,6,9,10,11 və 18-ci maddəsinin pozuntusunun tanınmasını xahiş edirəm”.

Erməni də deyir, “müsəlman terroristdir”, siz də

Daha sonra, Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarov çıxış edib. O deyib ki, Z.Mikayılov 26 noyabrda həbs olunub və ona bir maddə üzrə ittiham verilib. 15 dekabrda isə ona Taleh Bağırzadənin ittiham olunduğu maddələrlə ittiham verilib. İbtidai istintaqda və məhkəmədə şahid qismində əsasən polislər dildirilib:

“Bütün ifadələr işgəncə yolu ilə alınıb. Bəzi şahidlər oğurlanaraq bir neçə gün saxladıqdan sonra ittihamedici ifadələr verib. Əslində Nardaran hadisələri ilə bağlı olan hər 3 məhkəmə prosesi bir yerdə keçirilməlidir. Siz burada olan insanları onların günahı barədə inandıra bildinizmi? Yox, mümkün deyil. Erməni də deyir, “müsəlman terroristdir”, siz də”.

Vəkil Z.Mikayılov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə prosesi oktyabr 23-də davam edəcək.

Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Bütün ifadələr işgəncə yolu ilə alınıb