Nardaran işi: Bunların bizə etdiyini heç ermənilər də etməyib

Source:
foto Meydan TV
foto Meydan TV


Vəkil: ”Məhkəmə insanları cəzalandırarkən onların psixoloji durumunu da nəzərə almalıdır”

Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası olub.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin iştirakı təmin edilməyib. Vəkillər bununla bağlı vəsatət veriblər.

Vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslərin məhkəmədə iştirakına imkan verilmir, amma onlar hər dəfə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilir, səhərdən axşama qədər soyuq zirzəmidə saxlanılırlar: “Nəticədə onlardan dördünün səhhətində ciddi problemlər yaranıb. Əgər bu adamların məhkəmədə iştirakı təmin olunmursa, onları gətirib soyuq zirzəmidə saxlamağın məqsədi nədir? Bu, işgəncənin bir növüdür”.

Vəkil əlavə edib ki, bu insanlar həm saxlanıldıqları gün, həm də ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində kifayət qədər işgəncələrə məruz qalıblar:



“Onlara məhkəmədə də işgəncə veriləcəksə, daha nəyi araşdıracağıq?”

Vəkil Cavad Cavadlı isə bildirib ki, etdikləri Avropa Konvensiyasının 3-cü (işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) maddəsinin pozuntusudur.

“Məhkəmə insanları cəzalandırarkən onların psixoloji durumunu da nəzərə almalıdır. Bu insanlar 2 ay Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıblar, işgəncələrə məruz qalıblar. Günahları olmadan bir ildən artıqdır ki, ailələrindən uzaq düşüblər”, – bu sözləri isə vəkil Zibeydə Sadıqova deyib.

Məhkəmə vəkillərin vəsatətini təmin etməyib.

Daha sonra bildirilib ki, təqsirləndirilən şəxslər özləri də məhkəmədə iştirakla bağlı müraciət göndəriblər. Lakin hakimlər bu müraciəti də rədd edib.

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov yenidən ifadə verib. O, təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılovun vəkili Zibeydə Sadıqovanın vəsatəti əsasında məhkəməyə çağırılıb. Vəkil onunla Rasim Cəbrayılov arasında çarpaz dindirmə keçirmək istədiyini deyib. Buna görə, Rasim Cəbrayılov məhkəmə zalına gətirilib. Dindirmə zamanı onların dedikləri arasında ziddiyyətlər yaranıb. İbrahim Kazımov iddia edib ki, Rasim Cəbrayılovu həyətdə saxlayıblar, həmin vaxt o tapançadan bir neçə dəfə atəş açıb, gülləsi qurtarandan sonra onun əlindən silahını alaraq zərərsizləşdiriblər.

Rasim Cəbrayılov isə onun dediklərini təkzib edib. Bildirib ki, onu məxbəxdə saxlayıblar, əlində isə heç nə olmayıb:

“Necə olur, mən beş-altı metrlikdən güllə atıram, sənə dəymir? Həyətdə qumbara partlayır, sənə heç nə olmur. Allaha and olsun, hamısı yalandır. Nə qumbara atılıb, nə də bizim tərəfdən atəş açılıb. Bu yalanlarınıza görə cəhənnəm odunda yanacaqsınız”.

Rasim Cəbrayılov əlavə edib ki, onları tutub mebel maşınında “bandotdel”ə apararkən yolda dəhşətli işgəncələr veriblər: “Avtomatın qundağı ilə başımıza o qədər vurdular ki… Elə bil yerə bir kisə kartof tökmüşdülər, bunlar da üstümüzdə gəzirdilər, təpik, şillə vurudular. Onlar idarədə də bizə qarşı kişiyə yaraşmayan hərəkətlər ediblər. Bunların bizə etdiklərini heç ermənilər də etməyib”.

İbrahim Kazımov işgəncə barədə deyilənləri təkzib edib.

Məhkəmədə həmçinin Nardaran əməliyyatından bir neçə gün sonra həbs olunan şəxslər üzərində aparılmış ekspertizanın rəyləri elan olunub. Rəylərdə Taleh Bağırzadə və digər təqsirləndirilən şəxslərin üzərində xəsarət izləri aşkarlandığı, onlardan bəzilərinin bədənində güllə qaldığı qeyd olunub.

Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.

Ana səhifəXəbərlərNardaran işi: Bunların bizə etdiyini heç ermənilər də etməyib