”Nardaran işi”: Bu hakimiyyət təkcə nefti deyil, kişiliyimizi də oğurlayır

Elçin Qasımov: “Zindanda olan cismimizdir”

Source:
Nardaran
Nardaran


Elçin Qasımov: “Zindanda olan cismimizdir”

“Azərbaycandakı bütün məhbuslar siyasi məhbuslardır. Çünki hamısı səhv siyasətin qurbanı olub”.

Bunu dekabrın 27-də Nahid Qəhrəmanov məhkəmədə son sözündə deyib.

Ondan əvvəl isə digər təqsirləndirilənlər son sözlə çıxış edib.

Dekabrın 26-da da təqsirləndirilən şəxslərin bir neçəsi son söz

söyləmişdi

.

“Kars”a salmaq olar, lakin “dubinka” ilə işgəncə verməyi tələb etməyin adı nədir?

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Seymur Axundov son sözlə çıxış edib. O bildirib ki, məhkəmədən ədalət gözləmir, ittihamlar saxtadır və bəraət verilməsini tələb edir.

Prosesdə Elçin Qasımov isə bildirib ki, ötən iclasda prosesi izləməyə gələn qadınlarla konvoylar arasında narazılıq olub və buna təqsirləndirilən şəxslər etiraz ediblər. Bundan sonra onlardan bir neçə nəfəri təcridxanada incidiblər: “Bir neçə nəfərin barəsində akt tərtib edilib və tələb edilib ki, həmin şəxslərə işgəncə verilsin. Təcridxana rəisi bizə belə dedi. Mən bilmək istəyirəm bu göstərişi kim verib. Qanunla cəza növü müəyyən edilib. “Kars”a salmaq olar, lakin “dubinka” ilə işgəncə verməyi tələb etməyin adı nədir? İstəyirəm bu məsələ araşdırılsın”.

Hakim Mayıl Bayramov isə deyib ki, belə qərardan xəbəri yoxdur:

“Söz verirəm, heç bir cəzalanma olmayacaq”.

Mən bilmirəm bu şərəf haradadır

Təqsirləndirilən Elgün Axundov da son sözlə çıxış edib. O bildirib ki, onların xeyrinə ifadə verən şəxslərin ifadələri nəzərə alınmayıb, lakin polis əməkdaşları əleyhlərinə ifadə verib, həmin ifadələr əsasında ittiham olunurlar:

“Bizi tutanda heç bir qanuna əməl edilmədi. Evə qanunsuz girdilər. Prezident deyir ki, Azərbaycan polisi şərəflidir. Mən Azərbaycan polisini belə görmürəm. Mən bilmirəm bu şərəf haradadır. Polis özü də deyir ki, “polis hara, şərəf hara?” Bu iş əvvəldən yalanla başlayıb, yalanla da davam edir. İstəmirik bizə güzəşt edəsiniz. Ədalət olsun, bəsdir. Biz özümüzü yaxşı tanıyırıq, bizi tanıyanlar da yaxşı tanıyır. Bu şərləmə ilə bizdə heç nə dəyişən deyil. İttihamların əsası yoxdur və özümə borc bilirəm deyəm ki, ədalətli qərar çıxarın”.

Hər şey yuxarıdan gələn zənglə həll edilir

İclasda təqsirləndirilən şəxslərdən Nahid Qəhrəmanov da son sözlə çıxış edib. O, çıxışdan əvvəl hakimə ağ vərəq və qələm göndərib. Deyib ki, bunun mənası ondan ibarətdir ki, hakim hansı cəzanı istəsə, oraya yaza bilər. N.Qəhrəmanov deyib ki, Azərbaycandakı bütün məhbuslar siyasi məhbuslardır:

“Çünki hamı səhv siyasətin qurbanı olub. Müstəntiq “qol çək”- dedi. Dedim, qol çəkmirəm. Bildirdi ki, qol çəkməsən başqa adamı gətirəcəyik. Şəriət qanunları nə vaxtdan cinayət olub? Öləndə, evlənəndə niyə şəriətə əməl edirsiniz? Bizim milli mənsubiyyətimiz peyğəmbərə gedib çıxır. Səfəvilər də dini qaydalarla idarə olunub. Bu, nə vaxtdan cinayət hesab olunur? Şəriət hökmləri bizim yaşayışımızdır. İndi hər şey bir telefon zənginə bağlıdır. Əgər sizə zəng edib desələr “açıb buraxın, bəraət verin”, açıb buraxacaqsınız. Çünki sizin heç biriniz müstəqil deyilsiniz. Hacıbala demişkən, Azərbaycanda bir kişi var, o da İlham Əliyevdir. Hər şey yuxarıdan gələn zənglə həll edilir ”.

Bu hakimiyyət oğrudur

N.Qəhrəmanov daha sonra yuxusunda prezident İlham Əliyevi gördüyünü deyib və bu haqda danışıb: “Görürəm qatarda bir yerdə gedirik. Deyirəm, bizə bu qədər zülm olub. Deyirsən ki, jurnalistlər də sənin dostundur. Bəs bunlara niyə nəsə demirsən? Dedi:

“Mənlik deyil, elə yerdən tapşırıblar ki, keçə bilmərəm. Bu, belə olmalı idi”. Çay təklif elədim içmədi. Mən bundan həqiqət payı görürəm. Azərbaycan sionistlər tərəfindən idarə edilir. Bu hakimiyyət oğrudur. Bunlar bizim neftimizi, qazımızı oğurladıqları kimi mənəviyyatımızı, kişiliyimizi də oğurlayırlar. Oğru gecə evə girəndə yatanların içində bir az tərpənənə baxır. İndi biz də bir az tərpənənik. Oğrular da narahatdır ki, birdən kimsə oyanar. Avropada göydə iki təyyarə toqquşur, bir nəfər xəsarət alır. Azərbaycanda bir maşın inəyə dəyir, dörd nəfər ölür. Çünki hər şey rüşvətlə olur, sürücülük vəsiqəsini də rüşvətlə alırlar. Ramzan Kadırova qarşı yeddi nəfər sui-qəsd etmək istəmişdi. Getdi onlarla görüşdü, soruşdu niyə belə etmək istəyiblər. İndi İlham Əliyev niyə gəlib demir ki, siz nə istəyirsiniz?”.

Məhkəmədə lətifə

N.Qəhrəmanov çıxışının sonunda lətifə danışıb: “Kənddə bir kişi olur, eşşəyini gətirib bağlayır universitetin həyətindəki ağaca. Dörd ildən sonra gəlib görür ki, eşşəyi bağladığı yerdə bir qalstuklu oğlan durub. Oğlana deyir: “Gəl gedək”. Oğlan soruşur: “Hara gedək?” Kişi cavab verir ki, sən mənim eşşəyimsən. Tutur qalstukundan dartır , oğlan da buna təpik atır. Bu zaman kişi deyir: “Ay eşşək, adam olmağına olmusan, amma eşşəkliyindən əl çəkməmisən”. İndi bunlar da hakim, prokuror, polis olmağına olublar, amma adam olmayıblar”.

Şükürlər olsun ki, İmam Hüseynin izindəyik

İclasda Elçin Qasımov da son sözlə çıxış edib. Bildirib ki, haqlı olmaları onların zəfəridir: “Silahımız iman, gücümüz Allahdandır. 16 il cəza bizim üçün baldan da şirindir. Ona görə ki, bütün bunları rəbbim görür. Bizi cəmiyyətdən təcrid edənlər nəyəsə nail olduqlarını düşünürlər. Zindanda olan cismimizdir. Şükürlər olsun ki, imam Hüseynin izindəyik. O, qəlblərə hakimdir. Qoy Allah bizimlə düşmən arasında hakim olsun. Dünya yaranandan haqla batil mübarizədədir. 2015-ci il noyabrın 26-dan bugünə kimi olan məhkəmə və istintaq nəticəsində hüquq-mühafizə orqanlarının üzdəniraq fəaliyyətini hər kəs gördü. Haqqımızda saxta, qondarma cinayət işi açanlar bu gün rüsvay olaraq qazdıqları quyuya düşüblər. Bizə qarşı olan bu hücumlar şəxsi xarakter daşımır”.

O da digər təqsirləndirilən şəxslər kimi ittihamın saxta və əsassız olduğunu deyib.


Əli Şahbazov isə son sözündə deyib ki, onu qardaşlarını, atasını günahsız yerə həbs ediblər. O da barəsində bəraət hökmü çıxarılmasını istəyib. Seyfəddin Şirvanov da ittihamların əsassız olduğunu deyib.

Proses dekabrın 28-də davam edəcək. Həmçinin hökmün elan ediləcəyi gözlənilir.

Prokuror Elçin Qasımovun 16 il, Ağəli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini

istəyib

 .

Adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.

Onlar ittihamları qəbul etmirlər.

Ana səhifəXəbərlər”Nardaran işi”: Bu hakimiyyət təkcə nefti deyil, kişiliyimizi də oğurlayır