”Nardaran işi”: 26 ildir müstəqilik, ancaq azadlığımız yoxdur (Yenilənib)

Vəkil: “Anlayırıq ki, siyasi məhkəmədir”

Source:


Məhkəmə prosesinin ikinci hissəsində təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Abbas Hüseynov bildirib ki, onların həbsinin əsl səbəbi haqqı müdafiə edib, ölkədəki zülmə etiraz etmələridir:

“Nardaranda əməliyyat zamanı dünyasını dəyişənlərin hamısını polislər öldürüb. Nardaran hadisələrinə görə daxili işlər naziri Ramil Usubovla yanaşı, prezident də məsuliyyət daşıyır. Əvvəla, Ramil Usubov özü müsahibəsində dedi ki, Nardaran qətliamının göstərişini İlham Əliyev verib. İkincisi, İlham Əliyevin borcudur ki, ona verilən məlumatı araşdırsın”.

Abbas Hüseynov deyib ki, onların həbsi YAP hakimiyyətinin Taleh Bağırzadənin tənqidlərinə dözümsüzlüyünün nəticəsidir:

“”Bandotdel”dəki işgəncələrdən sonra məni Kürdəxanı təcridxanasına gətirdilər. Həmin gün 20 nəfər məni çəkmə ilə döydü. Bununla da ürəkləri soyumadı, məni karsda əlimi çarpayıya qandallayıb yenə döydülər. Dekabrın soyuğunda gecə saat 4-də məni titrəyə-titrəyə gəzinti otağına aparıb yenə döydülər. “Bandotdel”də Əbülfəz Bünyadovun sinəsinin üstündə oturub, zorla arağı ağzına töküblər”.

Daha sonra təqsirləndirilən Aqil İsmayılov çıxış edib. O, Əliyev hakimiyyətinə xidmət edib azad yaşamaqdansa, zindanda olmağın yaxşı olduğunu söyləyib:

“Nardaran əməliyyatı günü ilk dəfə Taleh Bağırzadəni görmək üçün getdim. Orada həbs olundum. Nardaranda xalqa qarşı cinayət törədilib. Camaatın ahı hakimiyyətdəkilərin kökünü qurudacaq”.

A. İsmayılov babasının şəhid, atası və əmisinin isə Qarabağ veteranı olduğunu deyib: “Mənim babam Qarabağda ona görə şəhid olub ki, günahsız nəvəsini tutub zindana salsınlar? Biz bu gün həm də Qarabağın, hər kəsin azadlığı uğrunda mübarizəmizə görə həbsdəyik”.

İclasda təqsirləndirilən Cabbar Cabbarov da son sözlə çıxış edib. O, Nardaran hadisələrində Ramil Usubovla İlham Əliyevin günahkar olduğunu deyib: “İlham Əliyevin çıxışlarında bəhs etdiyi “güclü ordu” Nardaranda xalqa hücum etdi, vətəndaşları qətlə yetirdi, adamları əsir götürdü. İlham Əliyevin yumurtanın bahalaşmasından xəbəri olur, Nardaranda əslində nəyin baş verməsindən xəbəri olmur? Azərbaycan xalqının yumurta qədər dəyəri yoxdur? Dəfələrlə məhkəmədə dedik ki, “Bandotdel”də birinci xanımı təhqir etdilər. İlham Əliyev bunu niyə araşdırmır? Deyir ki, “mən Azərbaycan xalqını sevirəm”. Bəs niyə araşdırmır ki, bu xalqın qanını niyə tökdülər? Bunlar, təkcə xalqla yox, həm də Allahla düşmənçilik edirlər. İlham Əliyev bilsin ki, bizim onun kreslosunda, hakimiyyətində gözümüz yoxdur. Biz sadəcə, ölkədəki haqsızlıqlara, talançılığa etiraz eləmişik, edəcəyik də”.

Cabbar Cabbarov bildirib ki, o, ömürlük həbsdən çəkinmir. Əsl günahkarlar cəzalanana qədər həbsxanada oturub gözləyəcək:

“İlham Əliyev, tez-tez enli yolların, yeni obyektlərin açılışını edir, lentini kəsirsiniz. Bütün bunlardansa ölkədə haqq-ədalətin açılışını edib, lentini kəsməyə ehtiyac var”.

Proses yanvarın 16-da davam edəcək.


***


Vəkil: “Anlayırıq ki, siyasi məhkəmədir”

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda Taleh Bağırzadə çıxış edib.

Bildirib ki, Azərbaycan xalqı özünə layiqli rəhbər seçməlidir:

“Biz xalqın başını aşağı edən rəhbər istəmirik. Sabah nəslimiz bizi susmaqda qınayacaq. Xalqı düşünmədilər, milyardlarını necə gəldi xərclədilər. 26 ildir müstəqilik, ancaq azadlığımız yoxdur. Azərbaycan xalqı rəhbərini özü seçməyib”.

Daha sonra Fuad Qəhrəmanlı, Əli Nuriyev və Abbas Quliyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil bildirib ki, F. Qəhrəmanlı ailə üzvlərilə görüşə bilmir. O, buna şərait yaradılmasını xahiş edib, müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyib:

“İttihamlar əsassızdır. Cinayət işində faktlar uydurmadır, məntiqsizdir. Fuaddan başqa digərlərinə işgəncə verilib. Hətta buna görə Abbas Quliyev özünə qəsd etmək istəyib. Həbs ifadə azadlığı ilə bağlıdır. Fuad Qəhrəmanlının çıxışlarında talan, zorakılıq olmayıb. İttihamlar absurddur. Fuad Qəhrəmanlı intellektual insandır, ekspert kimi fikrini bildirib. Əli Nuriyev isə sinir xəstəsidir, ailəlidir, azyaşlı uşağı var və heç kimi öldürməyib. Hər üç şəxsə bəraət verilməli, iş bağlanmalıdır”.

Tale Bağırov
Tale Bağırov

Vəkil həmiçinin polislərin zorakılığı ilə bağlı qərar qəbul edilməsini istəyib.

Digər vəkil Fariz Namazlı isə deyib ki, əməliyyata rəhbərlik edən Kərim Əlimərdanov onların yaddaşında təzadlı insan kimi qalıb:

“Deyirlər, Kərim Əlimərdanov namaz qılır. Necə olur həm də işgəncə verir? Çoxlu suallarımız var idi. Lakin o, prosesə gəlmədi. İttihamlar saxtadır. Abbas Hüseynovun telefon danışıqları dinlənilib. Orada heç nə yoxdur. Əgər onlar günahkardısa, onda onları müdafiə edən vəkillər və dəstəyə gələnlər də günahkardır. Bu şəxslərin arxasında Allah dayanıb. Sizin kölgəsinə sığındığınız adamlar isə bir gün sizə xəyanət edəcəklər”.

Vəkillərdən Cavad Cavadlı təqsirləndirilən şəxslərin əməllərində cinayət təqibi olmadığını söyləyib: “26 noyabr Azərbaycan tarixində qara ləkə kimi qalacaq. Cəmiyyətdə çaşqınlıq var idi. Ancaq zaman hər şeyi həll etdi. Sizin verəcəyiniz qərar siyasidir. Yerinizdə olmaq istəməzdim. Anlayırıq ki, siyasi məhkəmədir və tam da olmasa ədalətli qərar gözləyirik. Bəraət hökmünün çıxarılmasını istəyirəm”.

Proses davam edir.

Ana səhifəXəbərlər”Nardaran işi”: 26 ildir müstəqilik, ancaq azadlığımız yoxdur (Yenilənib)