”Nardaran hadisəsində ölənlərin ildönümünü qeyd etməyə icazə verilmir”

Oqtay Gülalıyev: “Daxili qoşunlar Nardaranda gücləndirilmiş rejimə keçib”

Source:
Nardaran (arxiv foto)
Nardaran (arxiv foto)


Oqtay Gülalıyev: “Daxili qoşunlar Nardaranda gücləndirilmiş rejimə keçib”

Ötən il noyabrın 26-da xüsusi əməliyyat zamanı dörd Nardaran sakininin həlak olmasının ildönümü ilə əlaqədar Bakı yaxınlığındakı bu qəsəbədə polis və daxili qoşunlar dəstələri gücləndirilmiş rejimə keçib.

Bu barədə “Turan”-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, həlak olanların qohumlarına əvvəlcədən islam ənənəsi ilə matəm mərasimi keçirməyin və kütləvi şəkildə məzarları ziyarət etməyin yolverilməz olduğu barədə xəbərdarlıq edilib. Bundan əvvəl naməlum şəxslər həlak olanların qəbirüstü abidələrini dağıdıb. Kütləvi tədbirlərdən ehtiyat edən polis preventiv həbslər həyata keçirib, “Nardaran işi” çərçivəsində qohumları xəsarət alan və ya həbs olunan iki yerli sakin saxlanılıb.

Saxlanılanlardan biri – Fail Şahbazov Sabunçu rayon polis bölməsinə, oradan isə Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə aparılıb, məhkəmə isə onu 30 gün müddətinə həbs edib.

Bir müddət əvvəl Fail Şahbazov “Facebook”da tənqidi məqalələr dərc edib və bir neçə gün bundan əvvəl dağıdılmış məzarların fotoşəklini yayıb.

Saxlanılan Saleh adlı digər şəxs barəsində 228.1-ci maddə (qanunsuz silah saxlama) ilə cinayət işi açılıb və o da həbs olunub.

Polis bir sıra digər şəxslərin axtarışını həyata keçirir.

“Nardaran işi” üzrə məhkəmədə şahid kimi adı keçən yerli sakinlərə təzyiq göstərilir, məhkəmədə çıxışlarından əvvəl onlar polisə çağırılır və təqsirləndirilən şəxslərə böhtan atmaları tələb olunur.

Ana səhifəXəbərlər”Nardaran hadisəsində ölənlərin ildönümünü qeyd etməyə icazə verilmir”