Nardaran hadisələrinə görə həbs olunan ilahiyyatçının cəzası sərtləşdirildi

Vəkil: ”Apelyasiya Məhkəməsi qanunu pozdu…”

Source:


Vəkil: ”Apelyasiya Məhkəməsi qanunu pozdu…”

Nardaran hadisələrindən sonra həbs olunan daha 12 nəfər dindarın, o cümlədən ilahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılovun, sabiq prezident Heydər Əliyevin seçkilərdə vəkili olmuş Eldar Bünyadovun apelyasiya şikayətləri üzrə qərar açıqlanıb. Təqsirləndirilən şəxslərin heç birinin şikayəti təmin olunmayıb – Bakı Ağır Cinayətlər Məhkəməsinin onlar barədə ümumilikdə 160 il 9 aylıq həbs hökmü qüvvədə saxlanılıb. Üstəlik, ilahiyyatçı Zülfüqar Mikayılovun cəza rejimi də ağırlaşdırılıb. Hökmdə onun cəzasını ciddi rejimdə çəkməsi qeyd olunmuşdusa, Bakı Apelyasiya Məhkəməsi bunu xüsusi rejim edib. Bu, daha ağır rejim hesab olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə “Nardaran işi-3” üzrə təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Elman Ağayev, Mehman Quliyev, Faiq Allahverdiyev, Ramil Seyfullayev və Mübariz İbrahimov 13 il, Mehman Məmmədov, Əli Hüseynov, Eldar Bünyadov və Elxan Həsənov 12 il 3 ay azadlıqdan məhrum edilib. Bu hökmü çıxarmış hakimlər 22 dekabrda Zülfüqar Mikayılov barədə daha bir qərar qəbul ediblər və orada ilahiyyatçının cəzasını xüsusi rejimdə çəkməsinə hökm verilib.

İlahiyyatçının vəkili Şəhla Hümbətova bildirib ki, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də müdafiəçisinin xəbəri olub. Onlar hökmdən apelyasiya şikayəti verəndən sonra xəbər tutublar. Ona görə sonradan həmin qərardan da şikayət verib, onun ləğvini istəyiblər.

Hər iki şikayətə Bakı Apelyasiya Məhkəməsində birlikdə baxılıb. Ötən məhkəmə iclasında hakim Sahibxan Mirzəyev birinci instansiya məhkəməsinin əlavə qərarının ləğv olunduğunu elan etsə də, həmin qərarda olan xüsusi rejim məsələsini özü “Nardaran işi-3” üzrə yekun qərarına daxil edib.

Vəkillər Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edəcəklər.

İlahiyyatçı Elman Ağayevin vəkili Akif Əliyev bildirib ki, Apelyasiya Məhkəməsinin hökmü qüvvədə saxlaması nə onlar, nə də hüquqlarını müdafiə etdikləri şəxslər üçün gözlənilməz olub. Baxmayaraq ki, Ali Məhkəməyə şikayət verəcəklər, amma bu instansiyadan da ədalətli nəticə gözləntiləri yoxdur:

“Apelyasiya şikayətinə baxılanda biz vəkillər olaraq, birinci instansiyada yol verilən qanun pozuntuları, ittihamların əsassızlığı barədə ətraflı danışdıq, sübutları sadaladıq. Şikayətimizə məhkəmə istintaqı aparılmaqla baxılmasını istədik, amma əhəmiyyət verilmədi. Ali Məhkəmədən də gözləntimiz yoxdur. Amma Avropa Məhkəməsinə müraciət etmək üçün yerli məhkəmə instansiyalarının hamısını keçmək lazımdır. Təqsirləndirilən şəxslərin bir neçəsinin haqqında həbs qərarından şikayətlər artıq Avropa Məhkəməsinə göndərilib. Əsas hökmlə bağlı da Ali Məhkəmənin qərarını gözləyirik. Bu işdə təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyə məruz qalmamaq, dini etiqad azadlığı və başqa hüquqları pozulub”.

Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Elman Ağayevin işgəncələrə məruz qalması barədə şikayəti üzrə də məhkəmə gedir.

Apelyasiya Məhkəməsinin təqsirləndirilən Zülfüqar Mikayılovun cəza rejimini ağırlaşdırmasından danışan vəkil A.Əliyev bu qərarın qanunsuz olduğunu bildirib: “Əgər prokurorun protesti, zərərçəkmişin şikayəti yoxdursa, ağırlaşdıra bilməzdi. Həm də elə bu məhkəmə özü rejimin dəyişdirilməsi qərarını ləğv eləmişdi. Belə çıxır ki, Apelyasiya Məhkəməsi özünün verdiyi ləğv qərarını yenə özü ləğv elədi”.

Ana səhifəXəbərlərNardaran hadisələrinə görə həbs olunan ilahiyyatçının cəzası sərtləşdirildi