Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərdən bəzilərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA-nın məlumatına görə, saxlanılanlardan 20-yə yaxın şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
Həmin şəxslərin cinayət işinə məhkəmədə ayrı-ayrılıqda baxılacaq. İstintaqı başa çatan şəxslər əsasən Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar. Yaxın günlərdə həmin şəxslərin cinayət işli üzrə məhkəmə prosesləri başlayacaq.
Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar.
Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.