Sabunçu rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilmiş və barələrində məhkəmə hökmü olan şəxslərin bir qrupu azadlığa buraxılıb.
Meydan TV-nin məlumatına görə, bununla bağlı Sabunçu rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, həmin şəxslər Sabunçu rayon Məhkəməsinin qərarı ilə 2-3 il müddətinə azadlıqdan məhrum edilmişlərdir. Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Azadlığa buraxılan şəxslər Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Nardaran sakini Nadir Qədirov (CM-nin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib), müalicə müəssisəsində cəza çəkən Akif Nuriyev (CM-nin 228.1-ci maddəsi ilə ittiham edilib), 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Atabala Şahbazov, Seyidağa Ağayev, Həsən Quliyev və digərləridir.
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadə və bir neçə nəfər saxlanılıb. Onlar dövlət çevrilişinə cəhd ,silah saxlama və digər cinayətlərdə ittiham ediliblər. Lakin təqsirləndirilən şəxslər ittihamı saxta adlandırırlar. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. Həbsinin də bununla bağlı olduğunu deyir. O, məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.