Nardaran gülçülərinin problemi var. Kənddə qaz olmadığından əkdikləri məhsul məhv olub gedir.
“Bizə qaz versinlər. Sonra gözləsinlər məhsulumuz çıxsın, satıb pullarını ödəyək. Bunlar deyirlər elə qazı açan kimi pulunu verin. Nə ilə verək, necə verək? Yoxdu axı…”, – 74 yaşlı Nardaran sakini Hacı Fəyyaz Nəbizadənin sözləridir.
Fəyyaz Nəbizadə əvvəllər gülçülüklə məşğul olurmuş. İndi, həyətindəki parniklərdə bircə gül də ələ gəlmir. Deyir buna səbəb kəndə qazın verilməməsidir. Boş parniklərini göstərərək əvvəllər, harada nə əkdiyini izah edir:
“Bax, bu parnikdə daim gül olub. Digərində isə xiyar-pomidor. Vaxtında əkib-becərir, kefimiz kök dolanırdıq. Bazara mal çıxarır, normal qiymətə satır, ailəmizi dolandırırdıq. Təsəvvür edin, yanvar ayında mən pomidor göndərirdim bazara. Ancaq indi, bircə pomidor da yoxdur. Qaz yoxdur, necə yetişdirək?”.
Fəyyaz Nəbizadə deyir ki, hər ilin mayında dövlət səviyyəsində keçirilən gül bayramına xarici ölkələrdən baha qiymətə güllər alırlar. Halbuki daha az sərmayəyə Bakı kəndləri lazım olan gülləri özləri yetişdirə bilərlər:
“Hər il gül bayramında dövlət qızıl puluna xaricdən gül gətirdir. Halbuki bizə şərait yaratsalar Hollandiyanın gülləri heç nə olar bizim məhsulun qarşısında. İstiliyimiz olsa hər cür gül yetişdirərik. Ancaq nə şərait var, nə də şərait yaratmaq istəyən…”.
Gülə şerlər yazır, mahnılar bəstələyirlər. Gözlərini açandan işləri-gücləri gül olub. Bir başqa sevirlər gülləri…
Hacı Səməd də kənd təsərrüfatına qayğı olmamasından gileyləndi. Bildirdi ki, məhz diqqət olmadığına görə, bu gün mağazalardakı güllər baha qiymətlərə satılır.
“Əgər kənd təsərrüfatına bir balaca qayğı, diqqət olsa biz biliriniz nələr edərik? Cürbəcür güllər yetişdirib bazara verrik. Özü də ucuz qiymətə. Bu gün xaricdən gələn gülün maya dəyərinin üstünə gömrük rüsumu da əlavə edilir. Bir gülü 4-5 manata satırlar. Halbuki biz yetişdirsək insanlar bir gülə görə 1 manat ödəyər. Bu da hamıya sərf edər”.
Bu da nardaran sakini Fəyyaz Nəbizadədir. Deyir danışdıqlarında böhtan, yalan yoxdur. Hər şey ortalıqdadı. Qaz yox, məhsul yox, vəziyyət də ki, göz önündə…
“Bu sübutlar, bu mənim boş parniklərim, bu mənim evim, bu da içindəki odun peçi. Doğru sözə nə zaval? Tutun basın dama. Ancaq bilin ki, nə var onu da deyirəm”.