Nardaran – gərginliyin indikatoru

Həddindən artıq dindar olan şiə nardaranlılar açıq-aşkar İrana inanc və ədalətli islam cəmiyyəti uğrunda mübarizə qalası kimi baxır ki, bu da onlar haqqında rəsmi Tehranın maraqlarının ifadəçisi kimi danışmağa əsas verir

Source:


Həddindən artıq dindar olan şiə nardaranlılar açıq-aşkar İrana inanc və ədalətli islam cəmiyyəti uğrunda mübarizə qalası kimi baxır ki, bu da onlar haqqında rəsmi Tehranın maraqlarının ifadəçisi kimi danışmağa əsas verir

Noyabrın 26-da Nardaranda polislə dindarlar arasında qarşıdurma baş verib, iki asayiş keşikçisinin və yerli məscidə ibadətə gələn beş nəfərin həyatına son qoyub. Qarşıdurmalara xüsusi əməliyyat səbəb olub, bu əməliyyat başda nüfuzlu ilahiyyatçı Taleh Bağırzadə olmaqla, 14 nəfərin həbsi ilə yekunlaşıb.

Son vaxtlar hakimiyyət və icma arasında gərginlik artmaqda davam edirdi, bu, noyabrın əvvəllərində bir neçə dindarın, o cümlədən Taleh Bağırzadənin qısamüddətli həbsində və onun tərəfdarlarının kütləvi etirazlarında özünü göstərmişdi. Bütün bunlar təkcə kənddə deyil, ölkənin preventiv həbslərin və söhbətlərin həyata keçirildiyi digər regionlarında da etiraz əhval-ruhiyyəsinin bir qədər artdığını nümayiş etdirirdi.

Bakı yaxınlığında yerləşən Nardaran qəsəbəsini Azərbaycanda ictimai əhval-ruhiyyənin və proseslərin indikatoru adlandırmaq olar. İstənilən halda, doqquz min əhalisi olan, patriarxal və şiə qanunları ilə yaşayan qəsəbə ölkədə sosial-iqtisadi və ya siyasi gərginliyin artdığı dövrdə özünü xatırladır. Bu, Nardaranın digər Bakı kəndlərindən və paytaxtın köhnə məhəllələrindən ağsaqqalların və nüfuz sahibi dindarların himayəsi altında ümumi yığıncaq tərəfindən idarə olunan ciddi icmadaxili təşkilatı ilə fərqlənir.

Hakimiyyət və nardaranlılar arasında qarşıdurmalar tarixi göstərir ki, münasibətlərdə hazırki böhran qısamüddətli neft bumundan və ABB, MTN, RİTN-də qalmaqallarla özünü göstərən hakimiyyət sistemində koordinatların pozulmasından sonra ölkənin qarşılaşdığı iqtisadi çətinliklərlə əlaqədardır.

Ənənəvi olaraq hakimiyyət ictimai narazılığın ölkənin digər regionlarında da mütəşəkkil formada ortaya çıxmasının qarşısını almaq üçün preventiv tədbirlər görmək məqsədilə həm ictimai əhval-ruhiyyəni, həm də onun Nardaran kimi indikatorlarını diqqətlə izləyir.

1995-ci ildə tabelikdən çıxmış xüsusi təyinatlı polisə qarşı divan tutulmasından və bütün sahələrdə “tələblərin artması” mərhələsinin başlanmasından sonra hakimiyyət İslam Partiyasını qadağan edir, onun lideri, Nardaranlı Hacı Əlikramı həbs edir və qəsəbəni sakitləşdirir. 2002-ci ildə Azərbaycana da toxunan maliyyə böhranının sonuncu ilində hakimiyyət sosial tələblərlə çıxış edən nardaranlıları güclə ram etməyə çalışır. Amma nardaranlıların inadlı müqaviləsi nəticəsində və qan axıdılmasından uzaq olmaq üçün hakimiyyət bir sıra sosial məsələlərdə əhaliyə güzəştə gedir. 2010-cu ilin dekabrında ölkədə qeyri-demokratik parlament seçkilərindən sonra mahiyyətcə hicab azadlığı uğrunda hərəkat başlayır, buna daha geniş şəkildə, hakimiyyətin qəsb edilməsinə qarşı etiraz kimi baxmaq olar. Yenə də diqqət mərkəzində Nardaran var. 2011-ci ilin yanvarında qadağan edilmiş İslam Partiyasının lideri Mövsüm Səmədovun və digərlərinin terror aktı və iğtişaşlar hazırlanması ittihamı ilə həbsindən sonra hərəkat boğulur. 2013-cü ilin aprelində prezident seçkiləri ərəfəsində hakimiyyət ilahiyyatçı Taleh Bağırzadəni həbs edir və bununla da Nardaranda yerli sakinlərin Hüseyn meydanına çıxıb, Amerika və İsrailə ölüm kimi şüarlar səsləndirməsinə səbəb olur.

Həddindən artıq dindar olan şiə nardaranlılar açıq-aşkar İrana inanc və ədalətli islam cəmiyyəti uğrunda mübarizə qalası kimi baxır ki, bu da onlar haqqında rəsmi Tehranın maraqlarının ifadəçisi kimi danışmağa əsas verir.

Hazırki Nardaran böhranı da yaranan xoşagəlməz sosial-iqtisadi mənzərədən, əhalinin rifah səviyyəsinin azalmasından, iş yerlərinin, işgüzar fəallığın itirilməsindən və bunun nəticəsi kimi cəmiyyətin müxtəlif təbəqələrinin narazılığının artmasından irəli gələn bütün mümkün gərginliklərin qarşısını almağa çalışan hakimiyyətin qabaqlayıcı tədbirlərinin nəticəsi oldu.

Əvvəlki çətin dövrlərdə olduğu kimi, hakimiyyətin Nardaranda “yaxşının pisdən ayrılması” taktikasından istifadə edəcəyini gözləmək olar. İcmanın ən radikal üzvlərinə və islam fəallarına qarşı amansızlıq nümayiş etdirən hakimiyyət icmanın sosial-iqtisadi problemlərinin həllinə müəyyən anlayış göstərəcək. Prezident İlham Əliyev artıq parlamentdə çıxış edərkən bunu etməyə çalışıb, o, özünü və dövləti islam dəyərlərinin, o cümlədən şiə ənənələrinin müdafiəçisi adlandırıb.

Ana səhifəXəbərlərNardaran – gərginliyin indikatoru