Nardaran: Dini mərasimdən qarşıdurmaya (VİDEO)

“İslam sülh, mərhəmət, dostluq dinidir. Biz Azərbaycanda İslam dəyərlərini dünyaya təqdim etmək üçün fəal iş aparırıq”- Ölkə başçısı İlham Əliyev bu çıxışı edərkən Nardaran əməliyyatına hazırlıq gedirdi. Həmin gün nardaranlılar qazan asıb, samovar qaynadıb, İmam Hüseynin 40 məclisini keçirməyə hazırlaşırdılar. Bir neçə gün öncə kəndə dəvət olunan ilahiyyatçı Taleh Bağırzadə Əbülfəz Bünyadovun evində moizə oxuyur, namaz qılırdı. Sakinlər namaz vaxtı mebel maşınından düşən üzü maskalı, silahlı şəxslərin həmin evə basqın etdiyini deyirlər. Evdə baş verən atışma nəticəsində 2 polis, 4 nəfər sakin həlak olub.

İlham İsmayıl əməliyyat keçirilən otağa diqqət çəkir. O deyir ki, otaq balaca olub və həmin otaqda namaz qılınıb. Bu, onu göstərir ki, onların məqsədi silah götürmək yox, kimisə həbs etmək olub.

Ekspertlərin fikrincə, əməliyyat Taleh Bağırzadəni həbs etmək üçün qurulub.  Bəs Taleh Bağırzadə kimdir?

Bakıda doğulan Taleh Bağırzadə əslən İsmayıllının Lahıc kəndindəndir. Onun 31 yaşı var. Evlidir, 2 oğul atasıdır. O, həm dünyəvi, həm də dini təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib,  2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. İki dəfə həbs həyatı yaşayıb. Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 aydan sonra yenidən həbs edilib.

İkinci həbsin hakimiyyətin tənqid olunduğu moizəyə görə baş verdiyi söylənilir. Rəsmi ittiham isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsidir. O, qanunsuz narkotik saxlamaqda təqsirli bilinərək 2 il müddətinə həbs edilib. Bu ilin iyulunda azadlığa çıxan Hacı Taleh 4 ay sonra yenidən həbs olundu.

Azər Rəşidoğlu hesab edir ki, “Müsəlman Birliyi” Hərəkatının Azərbaycanda dini dövlət yaratmaq potensialı olmayıb.

Bu həbsdən öncə sentyabrda Taleh Bağırzadə MTN-ə çağırıldı. O, Yasamal rayon Polis İdarəsində fiziki təzyiqlə üzləşdiyini dedi. Məşədi Natiq Kərimovun dediyinə görə, həbsindən bir neçə gün öncə Tale Bağırzadə Nardarana dəvət olunub. Nardaranlılar deyir ki, biz onun saxta ittihamlarla həbs edildiyini gözləyirdik, ona görə də Taleh ağaya sahib çıxmaq istədik.

Noyabrın 26-da keçirilən ilk əməliyyatda onlarla şəxs saxlanıldı. Əməliyyat keçirilən yer isə mühafizə olunmadı. Əməliyyatdan bir neçə saat sonra çəkilən bu kadrlarda görünür ki, hər kəs o evə gedib-gəlir, güllə yerlərinə baxırlar. MTN-nin keçmiş əməliyyatçısı İlham İsmayıl əməliyyatı uğursuz hesab edir.

Əməliyyatdan sonra kəndin ətrafına silahlı şəxslər düzüldü. Onlar kəndin giriş və çıxışlarına nəzarət edirdilər. Hüquqşünas Xalid Bağırov bu vəziyyətdə kəndin sıravi sakinlərinin hüquqlarının pozulduğunu deyir.

Azər Rəşidoğlu hesab edir ki, dindarların həbsi MTN olayları ilə bağlıdır. Hakimiyyət daxilindəki qruplaşma digərinə gücünü göstərir.

Kəndə gedən çörək maşınları yoxlanılırdı. Mağazalarda ərzaq qıtlığı yaşanırdı. Kəndin işığı, qazı kəsilmişdi. Nardaranlılar deyirdi ki, kimin evində ərzaq varsa, hamı İmam Hüseyn Meydanına gətirib bölüşür. Bu vəziyyətin aradan qaldırılması üçün 29 noyabrda Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq hökumətlə razılığa gələrək İmam Hüseyn meydanının boşaldılacağını, mərkəzdəki çadırın söküləcəyini, kəndin giriş-çıxışında olan sədlərin götürüləcəyini bəyan etdi. Kənd sakinləri hər şey yoluna düşdü deyərkən Dekabrın 1-də səhər saatlarında zirehli maşınlar Naradarana yol aldı. MTN, Daxili İşlər Nazirliyi, Prokurorluq kənddə birgə əməliyyat keçirdilər. Bu dəfə evlərdən silah toplayacaqlarını açıqladılar. Kəndə gedən bütün yollar bağlandı.

Hüquqşünas bildirir ki, ikinci əməliyyata qədər bir neçə gün keçmişdi və dekabrın 1-də keçirilən əməliyyatda silahların aşkarlanması şübhəli görünür.

Əməliyyatdan günlər keçsə də, meyitlər ailələrə təhvil verilmədi. Xalid Bağırov meyitlərin ailələrə verilməməsini Çeçenistanda baş vermiş bir hadisə ilə uzlaşdırır. “Bu, nəinki hüquqazidd, həm də insanlığa yaraşmayan bir haldır” deyir.

Nardaran hadisəsindən sonra bir neçə qərar verildi. Xaricdə dini təhsil alanlar Azərbaycandakı məscidlərdə hər hansı formada xütbə və moizə oxuya və məsciddə rəhbər vəzifə tuta bilməz.

“Polis haqqında” qanuna təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tə.tbiq edəcək.

Nardaran kəndi isə hələ də mühasirədədir.

Ana səhifəVideoNardaran: Dini mərasimdən qarşıdurmaya (VİDEO)