Natiq Kərimov və İnqilab Əhədovun barəsindəki məhkəmə prosesi yekunlaşdı
Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Natiq Kərimov 4 il sınaq müddəti təyin edilməklə 7 il şərti olaraq azadlıqdan məhrum edilib. İnqilab Əhədov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Natiq Əlövsət oğlu Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Ötən il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib. Azərbaycan vətəndaşı İnqilab Xəlil oğlu Əhədov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.