Naqif Həmzəyev: Fikirlərimi təhrif ediblər

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, deputatın səs yazısı yalnız məhkəmədə açıqlana bilər

Source:


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, deputatın səs yazısı yalnız məhkəmədə açıqlana bilər

YAP-çı deputat  Naqif Həmzəyev Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.

“Qafqazinfo”nun yaydığı məlumata görə, Həmzəyev Rəsulzadəni təhqir etmədiyini deyib: “Mən başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümələlərə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş medianın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər”.

Daha sonra N. Həmzəyev qeyd edib ki, informasiya terrorunun qurbanına çevrilib:

“Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən və jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar. Fəaliyyətimin ilk dövrünü istəmirəm ki, məhkəmə ilə başlayım. Buna görə sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslərə bizim hörmətimiz var. Millət vəkili heç kimə heykəl qoymur. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənin söylədiyim tək söz var, o da yeganə liderimin Heydər Əliyev olmasıdır”.

Deputat Ağacan Əbiyevin onun barəsində səsləndiridiyi fikirlərə isə belə reaksiya verib: “YAP bu məsələyə münasibət bildirib və qeyd olunub ki, prosedur necə olur”.

Həmzəyev həmçinin sosial şəbəkələrdə mandatının ləğv olunması ilə bağlı aparılan kampaniyadan da danışıb:

“Sosial şəbəkələrdə gedən proseslərdən xəbərim yoxdur”.

“Rəsulzadənin məzarını ziyarət etmisiniz?” sualına isə cavabı belə olub:

“Heydər Əliyevin məzarını mütəmadi şəkildə ziyarət edirəm və ona sadiqəm”.

Bu barədə məlumat yayan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ANS kanalına bildirib ki, deputatın səs yazısı yalnız məhkəmədə açıqlana bilər.

Ana səhifəXəbərlərNaqif Həmzəyev: Fikirlərimi təhrif ediblər