Namus məsələsi: sərt tərbiyə qadınlara ömrü boyu necə mane olur

Namus məsələsi: sərt tərbiyə qadınlara ömrü boyu necə mane olur



Namus məsələsi: sərt tərbiyə qadınlara ömrü boyu necə mane olur

«Mənim cinsi əlaqəyə qarşı qəribə münasibətim vardı, bunun doğru olmadığını hesab edirdim. Bu fikir uşaq vaxtımdan beynimə elə oturmuşdu ki, ərə gedəndən sonra da bu baryeri keçə bilmədim. Özümdən asılı olmadan, düşünürdüm ki, bunu eləsəm, nəsə bir pis iş tutmuş olacam».

Gülər Həsənova (ad və soyad dəyişdirilib) 22 yaşı olanda öz sevdiyi oğlana ərə gedib. İki ildən sonra ailə dağılır, çünki bu iki il ərzində cütlük bir dəfə də olsun sekslə məşğul ola bilmir. Gülərə vaginizm – penetrasiya zamanı vagina əzələlərinin reflektor yığılması diaqnozu qoyulur. Hətta sevdiyi adamla qanuni nikahda olduğu halda belə, gənc qadın seksual münasibət qarşısında qorxu və utanmaq hissinə qalib gələ bilmir.

Səbəbi Gülər sərt tərbiyədə, seksuallıq barədə söhbətlərin evdə tabu olmasında görür: «Вizim evdə heç vaxt bu barədə söhbət olmayıb, seks məsələsi həmişə ailəmizdə tabu olub».


“Qız tullanıb-düşməməlidir”

Azərbaycanda ailədə seks barədə söhbətlər qadağandır, xüsusilə qızlarla bu barədə danışmaqdan söhbət belə gedə bilməz. Bakirəlik kultunun hökm sürdüyü ölkədə qızların əsas işi evliliyə qədər bəkarətlərini qoruyub saxlamaqdır. Qızlar bədənlərini yad gözlərdən qorumalı, sekslə heç bir halda məşğul olmamalı, ümumiyyətlə, özlərini “abırlı” aparmalıdırlar. Hər şey “abırsızlıq” hesab edilə bilər, məsələn, qızın idmanla məşğul olması.

«Atam bizi idman dərslərinə buraxmırdı. Deyirdi ki, qız tullanıb düşə bilməz. İdman dərsində isə biz qaçmalı, tullanmalı, idman forması geyinməli idik. Atam gedib tanış həkimə rüşvət verib sənəd almışdı ki, bizim ürəyimiz xəstədir və bacımla məni idman dərsindən çıxarmışdı », – feminist aktivist Gülnarə Mehdiyeva danışır.

Qızlar uşaq yaşlarından necə oturub durmağı öyrənməlidirlər ki, “bəzi yerlərini” yad adamlar görməsin.

«Atam hesab edirdi ki, biz əynimizə iki-üç ölçü böyük olan paltarlar geyinməliyik. Deyirdi ki, nənələrin geyindiyi enli, qat-qat tumanlardan geyinək. Ətəklərimiz mütləq dizdən aşağı olmalı idi», – Gülnarə deyir.

Həddən artıq konservativ ailələrdə qızlara evliliyə qədər qaş almaq, döymə etdirmək, hətta bədəndən istənilməyən tükləri təmizləmək belə qadağan edilir, çünki bütün bunlar hələ qədimdən qadının bakirə və günahsızlığın simvolu hesab edilir. Ailənin yaşlıları bu məsəsələyə diqqət edir.


«Mən daha heç nə istəmirdim»

Gülər öz boşanma səbəbini danışanda, valideynləri heç cür onun “arvadlıq borcunu” niyə yerinə yetirmədiyini və “ailəsini niyə qoruyub saxlamadığını” anlaya bilməyiblər.

«Valideynlərim məni günahlandırdı ki, bunu onlara niyə vaxtından danışmamışam. Nəyə görəsə, onlar elə bilirdilər ki, mənə kömək edə bilərmişlər və “onda ailəm də dağılmazdı”.

Gülər iki il boyunca əri ilə seksual münasibətlərini qaydaya salmağa çalışıb. Amma həkimə müraciət edəndə və vaginizm diaqnozunu eşidəndə, cəhd etməyə daha gücü qalmayıb.

«Bu, elə vaxt idi ki, mən daha heç nə istəmirdim. Hər dəfə cəhd edirsən, sonda heç nə alınmır. Həkimə gedəndə ancaq onu istəyirdim ki, mənə daha toxunmasınlar», – Gülər danışır.

Boşanandan sonra Gülər uzun müddət seks və ya kişilirlə istənilən cinsi yaxınlıq barədə düşünə bilməyib. Öz bədənini və seksuallıq anlayışını qəbul etmək uzun və çətin bir proses olub.

«Boşanandan sonra da, uzun müddət belə oldu ki, mən küçədə gedəndə, avtobusda gedəndə düşünürdüm ki, bütün insanlar bununla məşğul olur. Hətta bu qarşımda oturan qadın da, kişi də bunu edir, belə abırlı-həyalı görünürlər, amma hamı bunu edir».

İlk evliliyindən 7 il sonra Gülər ikindi dəfə ailə qurub və indi ailə həyatından məmnundur.


Televizordakı patriarxat

Qızların tərbiyəsi məsələsində təkcə ailələr deyil, televiziya da “namus” məsələsini və sərt tərbiyəni dəstəkləyir. Kinoşünas Aygün Aslanlının sözlərinə görə, SSRİ dağlandan sonra milli kino “geriyə, özünə qayıtma” prosesini yaşayır. Əgər sovet vaxtı milli kino, ədəbiyyat və incəsənətin digər qollarında qadın çoxtərəfli göstərilir, baş rollarda iştirak edirdisə, indi daha çox patriarxal, ənənəvi dəyərlər vurğulanır: «İndi, bir qayda olaraq, kommersiya məqsədli seriallar çəkilir. Onlar da daha çox tamaşaçı auditoriyası qazansın deyə, orta statistik insanların həyatından bəhs edir, cəmiyyəti olduğu kimi göstərir. Bununla da, onlar özləri də bilmədən, patriarxallığı təbliğ etmiş olurlar».


«Mediaşəbəkə»nin dəstəyi ilə

Ana səhifəVideoNamus məsələsi: sərt tərbiyə qadınlara ömrü boyu necə mane olur