Hesabında ən çox vəsaiti olan namizəd İlham Əliyevdir
Azərbaycanın yenidən prezidenti olmaq istəyən İlham Əliyev 100 min manatla, digər namizəd Hafiz Hacıyev isə müftə seçkiyə qatılıb.
“BBC Azərbaycanca”-nın hazırladığı
məqalə
də belə deyilir. Bildirilir ki, hesabında ən çox vəsait olan namizəd indiki prezident İlham Əliyevdir. Onun seçki hesabında 100 min manat var.
Mərkəzi Seçki Komissiyasının yaydığı prezidentliyə namizədlərin ilkin maliyyə hesabatlarından belə məlum olub ki, fevralın 22-nə qədər İlham Əliyevin seçki hesabında pul vəsaiti olmayıb. Martın 26-na olan ikinci hesabatına görə isə bu müddət ərzində artıq onun hesabına 100 min manat daxil olub.
Bu vəsaitin 50 mini fiziki şəxslərdən ianə edilib. Məbləğin yarısını isə onun təmsil olunduğu partiya verib.
Ancaq seçki başlayandan martın 26-na kimi İlham Əliyev seçki kampaniyasına heç bir vəsait xərcləməyib.
Digər namizəd Zahid Orucun ilkin maliyyə hesabatında “prezidentliyə namizədin xüsusi vəsaiti” kimi 9900 manat göstərilib. O, ikinci hesabatında seçkiqabağı təşviqatla bağlı tədbirlərə, habelə informasiya və məşvərət xidmətlərinə 2200 manat ödədiyini göstərib.
Birinci və ikinci hesabat aralığında onun seçki hesabındakı vəsait dəyişməyib.
Araz Əlizadənin seçki hesabında 10 min manat olub. Bu vəsait fiziki şəxslərin könüllü ianəsi əsasında formalaşıb. O, bu vəsaitin 2 minini “seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə” xidmət haqqı kimi ödəyib.
Araz Əlizadə yerdə qalan 8 min manatın hamısını seçkiqabağı təşviqatla bağlı tədbirlərə, o cümlədən, informasiya və məşvərət xidmətlərinə xərcləyib.
Qüdrət Həsənquliyev seçkiyə 25 min manatla qoşulub. Bu vəsait onun hesabına fiziki şəxslərdən ianə kimi daxil olub. İlkin maliyyə hesabatına görə, Qüdrət Həsənquliyev bu vəsaitin hamısını dərhal da xərcləyib. Onun xərci seçici imzalarının toplanmasının təşkilində çıxıb.
Qüdrət Həsənquliyevin ikinci maliyyə hesabatı hələ MSK-nın saytına yerləşdirilməyib, amma onun səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli bildirib ki, təbliğat dövründə fiziki şəxslərdən 1500 manat ianə daxil olub və vəsaitin hamısı çap materiallarının hazırlanmasına xərclənib.
Fərəc Quliyevin seçki hesabında 10060 manat olub, o, vəsaitin hamısını imzaların toplanmasına xərcləyib. Fərəc Qulievə bu vəsait rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası verib. Onun ikinci hesabatı boşdur.
Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Tahir Seyidov isə deyib ki, onlar ikinci hesabatı ona görə boş göndəriblər ki, vəsait namizədin seçki hesabına köçməyib:
“İkinci vəsait də partiyanın puludur. Təxminən 23000 manat, bəlkə də bir az artıq köçürülməlidir. Çünki təbliğat-təşviqata təxminən bu qədər xərcimiz çıxıb”.
Onun sözlərinə görə, təbliğat-təşviqatda əsas xərc plakatların, kitabçaların çapına, xüsusi qələmlərin hazırlanmasına gedib.
Namizəd Hafiz Hacıyevin birinci maliyyə hesabatı boşdur. İkinci hesabatını da Mərkəzi Seçki Komissiyasına yenicə təqdim edib.
Onun səlahiyyətli nümayəndəsi Könül İsmayılova deyib ki, onlar ikinci hesabda da heç bir məbləğ göstərməyiblər. Çünki onlar seçkiyə heç bir vəsait xərcləməyiblər:
“Partiyamız parlamentdə təmsil olunmadığı üçün dövlət tərəfindən maliyyələşmirik. Prezident seçkisində də dövlət pul ayırmır”.
Könül İsmayılova onu da deyib ki, onlar təbliğat materialları çap ediblər, ancaq bu çapı da partiyada təmsil olunan iş adamları öz çiyninə götürüb.
Onun sözlərinə görə, seçicilərlə görüş üçün hər hansı maliyyə xərcinə ehtiyac yoxdur.
Razi Nurullayevin də ilkin hesabatı boşdur. Onun seçici imzalarının toplanmasına hər hansı xərci çıxmayıb. Elə təbliğat-təşviqat prosesində də Razi Nurullayev o qədər xərcə düşməyib. Onun səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirli deyib ki, təbliğat materiallarının çapına 1700 manat xərcləyiblər. Bu vəsaiti də Razi Nurullayev özü verib.
Sərdar Məmmədov (Cəlaloğlu) ilkin hesabatında hər hansı xərc göstərməyib. İkinci hesabat hələ MSK-nın saytında dərc olunmayıb. Onun səlahiyyətli nümayəndəsi Taliyət Əliyev deyib ki, təbliğat-təşviqat dövrünün ilkin mərhələsində onlar 2000 manat təbliğat materillarına xərcləyiblər. Bu vəsait də fiziki şəxslərdən ianə kimi daxil olub.
Seçkilər Məcəlləsinə görə, namizədlər, ikisi seçkiyə qədər, biri seçkidən sonra olmaqla, üç dəfə maliyyə hesabatı hazırlayıb MSK-ya təqdim etməlidirlər.
Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.
Prezidentliyə namizədlərin xüsusi vəsaiti 250 min manatdan çox olmamalıdır.
Fiziki şəxslərin könüllü ianələri vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.