Namizəd Səfərov: Hamıdan üzr istəmək məcburiyyətində qalıram

“Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm.”

Foto: Namizəd Səfərovun şəxsi arxivindən


“Milli Şuranın nüfuzuna özümüz tərəfindən xələl yetirilib”

Hüquşünas Namizəd Səfərov Demokratik Qüvvələrin Milli Şurasından istefa verib.

Bu barədə Namizəd Səfərov “Facebook” səhifəsində məlumat paylaşıb.

O istefasının səbəblərini quruma qarşı son basqılarla əlaqələndirir.

Hüquqşünas, Koordinasiya Mərkəzinin qapalı toplantılarından video görüntülərin sosial şəbəkələrdə yayılmasının qurumun nüfuzuna ciddi zərbə olduğunu bildirib:

“Cəmiyyət, bir sıra hallarda isə ardıcıl tərəfdarlarımız, adi halda qətiyyən reaksiya verilməyəcək ifadələr səsləndirilməsini heç cür qəbul edə bilmədi. Fürsət gözləyən opponentlərimiz də, bundan yetərincə yararlandılar. Milli Şuranın nüfuzuna ağır zərbə dəydi”.

Namizəd Səfərov bildirib ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, onun da üzərinə ağır məsuliyyət düşdüyünün fərqindədir.

“Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqaları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilib. Həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri mümkün hesab edərək, Milli Şura tərkibindən istefa verirəm”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü

Gültəkin Hacıbəyli

Meydan TV-ə müsahibəsində deyib ki, yayılan video görüntülərdə Milli Şuranın siyasəti ilə təzad təşkil edən heç nə yoxdur:

“Biz ictimaiyyət qarşısında da fikirlərimizi açıq deyirik. Bizi ReAL və Müsavat partiyaları haqqında fikirlərə görə qınayırlar, məgər, ondan da qat-qat sərt mövqeyimizi sosial şəbəkələrdə, canlı yayımlarda səsləndirmirik?! Hətta video toplantıda çox yüngül formada səthi fikir səsləndirib, daha ciddi məsələlərin müzakirəsinə keçmişik. Təsəvvür edin ki, 4 saatlıq toplantının 2-3 dəqiqəsi yayılır, o da seçmə üsuluyla. Vətəndaş cəmiyyətində kövrəklik olduğundan hakimiyyət istədiyi vaxt onunla manipulyasiya edir. Cəmiyyət məsələnin kibercinayət olduğunu deyib üzərinə gəlmək əvəzinə Milli Şuranın toplantılarında nələrin danışıldığını müzakirə predmetinə çevirdi. Halbuki, iclasdakı söhbətin məzmununda qeyri-adi heç nə yox idi. Ona görə toplantıdan qısa-qısa hissələrin yayılmasına reaksiya tamamilə fərqli olmalıydı”.

Artıq iki həftədir DQMŞ Koordinasiya Mərkəzinin qapalı toplantılarında bir neçə dəqiqəlik fraqmentlər sosial şəbəkələrdə yayımlanır. Toplantılarda mühacirətdə yaşayan jurnalistə, müxalif partiyaları olan Müsavat və ReAL-a qarşı sərt ifadələrdən sonra Eldəniz Quliyev və Rafiq Manaflı təşkilatdan istefa verdiklərini bəyan ediblər.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü ildə prezident seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Şura professor Cəmil Həsənlinin namizədliyi ilə seçkilərdə iştirak etdi.

Seçkidən sonra Müsavat Partiyası, EL Hərəkatı, Azərbaycan Liberal Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası,Vətəndaş Həmrəyliyi Partiyası və digər çoxsaylı üzvlər Milli Şuradan çıxdılar. Hazırda şurada əsas siyasi qüvvə AXCP-dir.

Ana səhifəSiyasətNamizəd Səfərov: Hamıdan üzr istəmək məcburiyyətində qalıram