Naira Zoqrabyan: Maral Nacaryan evə, Beyruta qayıdıb

Azərbaycan tərəfi rəsmi açıqlama verməyib

Source: Meydan Tv


Azərbaycan tərəfi rəsmi açıqlama verməyib

Azərbaycanın əsir götürdüyü livanlı erməni Maral Nacaryan geri qaytarılıb. Bu barədə Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zoqrabyan öz “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, Nacaryan artıq Beyrutdakı evinə çatıb.

“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutda evinə çatıb. Maral, həmişə evində”, – o yazıb.

Məlumatı Azadlıq Radiosunun Ermənistan xidmətinə bu ölkənin Livandakı səfirliyi də təsdiqləyib.

Maral Nacaryan noyabrın 10-da Laçında əsir düşüb. Azərbaycan tərəfi onun Şuşa uğrunda vuruşduğunu və əsir düşdüyünü deyir. Ermənistan mediası isə Maral Nacaryanın Laçında olan şəxsi əşyalarını götürərkən əsir düşdüyünü yazır. O, həm Ermənistan, həm də Livan vətəndaşıdır.

Azadlıq Radiosunun Ermənistan xidməti “Azatutyun” yazır ki, Nacaryanla birlikdə Laçına getmiş daha bir Livan ermənisi – taksi sürücüsü Viqen Eulcekyan da saxlanıb. “Azərbaycan onu 2500 dollara vuruşmuş muzdlu döyüşçü kimi təqdim edir, beş maddə üzrə ittiham irəli sürüb”.

Rəsmi Bakı məsələ ilə bağlı heç bir açıqlama verməyib.

2020-ci il, sentyabrın 27-də İkinci Qarabağ Müharibəsi başlayıb. 44 gün çəkən müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Şuşanın işğaldan azad edilməsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında saziş imzalanıb və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında müharibədən sonra bütün hərbi əsirlərin geri qaytarıldığını deyib.

Ana səhifəXəbərlərNaira Zoqrabyan: Maral Nacaryan evə, Beyruta qayıdıb