Nail Allahverdiyevin həbsindən apelyasiya şikayəti verilməyib

Komitə sədrinin nəvəsi istintaqa peşman olduğunu deyib

Source:
Nail Allahverdiyev
Nail Allahverdiyev


Komitə sədrinin nəvəsi istintaqa peşman olduğunu deyib

Bakıda “Mercedes-Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin barəsindəki məhkəmə qərarından apelyasiya şikayəti verilməyib.

Bu barədə məlumatı “Report” yayıb. Həmçinin o, barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə də məhkəməyə müraciət etməyib.

Nail Allahverdiyev Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir. Onun törətdiyi qəza nəticəsində iki nəfər ölüb, daha iki türk vətəndaşının isə ağır yaralandığı bildirilir.

Xəbərdə deyilir ki, N.Allahverdiyev istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bildiyini söyləyib. O, hərəkətindən peşman olduğunu deyib.

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun birgə məlumatında bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs-qərarı verilib.

“Musavat.com” isə yazır ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən Mehdi Əliyevin ailəsini təminat altına alıb.

“Əli Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Əldə etdiyimiz məlumata görə, Əli Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb”  – məlumatda deyilir.

Mərhumun anası Nazilə Əliyeva isə saytın suallarını cavablandırmaq istəməyib:

“Yəqin ki, məni başa düşərsiniz. Mən bir daha bu mövzuya qayıtmaq istəmirəm”.

Qəzada ölən Vaqif Əsədovun ailəsi isə Meydan TV-yə Əli Həsənovun onlara baş çəkdiyini və hadisədə yalnız N.Allahverdiyevin günahkar olmadığını söyləyiblər.

Ana səhifəXəbərlərNail Allahverdiyevin həbsindən apelyasiya şikayəti verilməyib