“Qanun hazırkı reallıq nəzərə alınmadan qəbul edilib, işləyəcəyi şübhə doğurur”
Nağd ödənişlərin məhdudlaşdırılması əksər ölkələrin qanunvericiliyində var.
Məsələn, ABŞ (ştatlar üzrə ayda 3500 dollardan 10.000 dollaradək), İtaliya (ayda 1000 avroyadək), Çexiya (ayda 15 000 avroyadək), Bolqarıstan (ayda 7500 avroyadək), Yunanıstan (ayda 1500 avroyadək), Argentina (ayda 2000 dollaradək), Mekiskada isə ayda 1500 dollaradəkdir.
Bir çox ölkələrdə belə yanaşma nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, onların likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə xidmət edir. Bundan əlavə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq təmin edilir, əmək haqlarının, digər ödənişlərin və bütövlükdə gizli iqtisadiyyatın leqallaşdırılmasına gətirib çıxarır. Məhdudiyyət korrupsiya ilə mübarizə sahəsində istifadə olunan effektli alətlərdəndir. Odur ki, Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” qanunu təqdir edir və gecikmiş sayıram. Məncə, qanun böyük neft gəlirləri ölkəyə davamlı şəkildə daxil olmamışdan əvvəl qəbul olunmalıydı.
Ondan da əvvəl belə hesablaşmaların aparılması ilə bağlı infrastruktur yaradılmalı idi. Bu zaman tətbiqində obyektiv problemlər yaranmazdı. Məsələ burasındadır ki, hazırda bu qanunun tətbiqinə obyektiv çətinliklərlə yanaşı, subyektiv baryerlər yaradılır. Məqsədli yaradılan bu çətinliklər qanunun işləməsinə əngəl olur. Qanuna görə,
– ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30.000;
– Digər vergi ödəyiciləri isə 15.000 manatdan.
Vergi Məcəlləsinə əlavə edilən 58.7-1-ci maddəyə əsasən təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10, ikinci dəfə yol verdikdə 20, üç və daha çox yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Sansksiyalar xeyli sərtdir. Amma qanunun işləyib-işləməyəcəyi ilə bağlı xeyli suallar açıq qalıb. Hesab edirəm ki, bu Qanunun işləməsi üçün ilk növbədə dövlət orqanlarının həm büdcə əsaslı, həm də digər sifarişlərinin verilməsində “şapka” və ya “otkat” adı ilə aldığı qeyri-rəsmi ödənişlərə və qanunsuz pul yığımına son qoyulmalıdır.
Bizə daxil olan məlumatlara görə, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər yenə tələb olunur və bu mütərəqqi qanunun qəbuluna baxmayaraq, yenə qeyri-rəsmi hesablaşmalar köhnə qaydada nağd əməliyyatlarla davam etdirilir.
Bu, ökədə mövcud iqtisadi böhranı daha da dərinləşdirməklə, korrupsiyanın davamlılığını təmin edəcək. İkincisi, müvafiq infrastrukturlar yalnız Bakıda deyil, regionlarda yaradılmalı və onun texniki təchizatı təmin edilməlidir. Üçüncüsü, istehlakçılar və sahibkarlar arasında maarifləndirmə işi aparılmalı, nağdsız ödənişlər stimullaşdırılmalı, təşviq olunmalıdır. Nəhayət, banklar və vergi orqanları Qanunun icrası zamanı sui-istifadəyə yol verməməli, ölkədə qanunun aliliyi təmin olunmalı, müstəqil məhkəmə və hüquq sistemi fəaliyyət göstərməlidir.
Hüquqi dövlət qurulsaydı, nə belə məhudiyyətlərə, nə də bu müzakirələrə ehtiyac qalardı. Hətta xüsusi vəsaitin necə xərclənməsinə baxış da fərqli olardı. İddia oluna bilərdi ki, pul mənimdirsə, necə istəyirəm elə də xərcləyərəm. Kimin nə işinə qalıb!? Amma indiki gerçəkliklər başqadır. Bu qanun da hazırkı reallığı nəzərə almadan qəbul edildiyindən işləyəcəyi şübhə doğurur.