”Təhsilimizdə eniş prosesi bəlkə də on illiklərlə davam edəcək”
Mayın 22-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı ilə bağlı məlumat mətbuatda və sosial şəbəkərdə birmənalı qarşılanmadı.
Keçirilən imtahanların nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 %), 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %), 10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib.
Mövcud vəziyyəti Meydan TV-yə şərh edən təhsil üzrə mütəxəssis Nadir İsrafilov da son imtahanların nəticələrinin yenə ürəkaçan olmadığını vurğulayıb: “Başqa cür ola da bilməzdi. Artıq nəinki təhsil ekspertlərinin gətirdiyi arqumentlər, habelə istər Təhsil Nazirliyinin, istərsə də keçmiş TQDK və ya indiki Dövlət İmtahan Mərkəzinin statistikası da təsdiq edir ki, son on illiklərdə təhsilə marağın azalması fonunda təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir. Bütövlükdə götürdükdə ali məktəblərə daxil olanların orta balı 700 -ə qarşı, 250 bal ətrafındadır. Bu isə klassik “5” qiymətləndirmə şkalasına nisbətdə “2”-yə bərabər tutulan göstəricidir. Pessimist proqnoz olsa belə, hesab edirəm ki, təhsilimizdə eniş prosesi bütün səy və cəhdlərimizə baxmayaraq hələ bir neçə il, bəlkə də on illərlə davam edəcək. Çünki son iki onillikdə buraxılan səhvləri qısa müddət kəsiyində aradan qaldırmaq nəzəri cəhətdən mümkün kimi görünsə də, bu praktiki cəhətdən heç də ağlabatan sayıla bilməz. Bir də ki, hələ qarşıda kurrikulumun başa çatdırılması, 12 illik təhsilə keçid kimi ciddi sınaqlar var”.
Nadir İsrafilov hesab edir ki, zəif göstəricilər hər şeydən əvvəl təhsil ənənələrimizə biganəliyimizin təzahürüdür: “Əbəs yerə deyildi ki, hələ 1999-cu ildə qəbul edilmiş “Təhsil sahəsində İslahat Proqramı”nda təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılması birmənalı şəkildə təhsilin əsas məqsədlərindən biri kimi müəyyənləşdirilmişdi. Budur, artıq neçə illərdən bəridir ki, “proqram” tələbinə biganəliyimiz öz “səmərəsini” verməkdədir və prosesin bu gedişlə yaxın illərdə müsbətə doğru dəyişəcəyi belə optimizmə ümid belə yaratmır. Vəziyyətin belə xarakter alması bir çox obyektiv və subyektiv səbəblərlə şərtlənir ki, buna da zaman-zaman ayrı-ayrı təhsil mütəxəssislərinin fikirlərində, yazılı və elektron media mənsublarının araşdırmalarında, o cümlədən də yüksək səviyyəli dövlət məmurlarının açıqlamalarında kifayət qədər önəm verilib. Lakin nə fayda. Vəziyyətdən çıxış yolunu hələ ki, mövcud qaydaları dəyişməkdə görürük. Halbuki qaydaları dəyişməklə nəyinsə dəyişəcəyinə ümid bəsləmək bataqlıqda batan adamın saman çöpündən yapışmaq cəhdindən başqa bir şey deyil”.
O, deyib ki, toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq: “Nə sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Əlbəttə, bunu keçid dövrünün fəsadları kimi qiymətləndirsək belə, heç də az müddət olmayan 25 il aralığında əldə etdiyimiz nətıcələri ürəkaçan hesab etməyə mühüm bir əsasımız yoxdur. Baxmayaraq ki, “Təhsil haqqında“ Qanuna təhsilin sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi olduğu, ümumi təhsiln isə təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etməsi barədə maddə salmışıq. Əvəzində isə təhsili repetitorların çiyninə yüklədik. Nəzərə almadıq ki, repetitor xidməti çoxluğun deyil, azlığın xidmətidir. Pafosla desək, bu xidmət sayəsində kiçiksaylı azlıq çiçəklənir, böyük saylı çoxluq isə solur. Bütövlükdə təhsilimizdə eniş tendensiyasının başlıca səbəbini, ilk növbədə, repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratmağımızda axtarmaq lazımdır. Başqa sözlə desək, ümumtəhsil tam orta məktəbin vəzıfəsinin ali məktəblərə tələbə hazırlamaq olmadığını nəzərə almayaraq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, kokret dar ixtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə, kütləvi şəkildə oxumağa marağının itməsinə zəmin yaratmışıq. Digər tərəfdən, uzun illərdən bəri sınaqdan çıxmış gündəlik qiymətləndirmənin ləğv edilərək hələ də nə şagird , nə də müəllim tərəfindən tam-dürüst mənimsənilməmiş kurrikulum sistemi üzrə qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımillik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan qaldırılması, dərsliklərin müvafiq standartlara cavab verməməsi, müəllim hazırlığının aşağı olması, məktəbdaxili nizam- intizamın zəifləməsi, ucdantutma hamıya attestat verilməsi və bu kimi digər təzahürlər və dərindən düşünülməmiş dəyişikliklər, şagirdlərin və bir çox müəllimlərin “Əsanamə” üzrə nəzərdə tutulmuş hüquq və vəzıfə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu. Ən başlıcası isə sistemin oturuşmasına imkan vermirik, qaydaları tez-tez dəyişirik, hər sonrakı dəyişiklik isə sübut edir ki, əvvəlki qərarlar səhv imiş. İkincisi, təhsilin ətrafında inamsızlıq mühiti yaranır. Digər tərəfdən, hər hansı bir yenilik edərkən ölkə təhsilinin spesifik xüsusiyyətlərinə daha dərindən bəlli olan yerli mütəxəssislərə deyil, əsasən xarici ekspertlərə üstünlük veririk”.
Nadir İsrafilovun sözlərinə görə, sovet dönəmində 6 günlük dərs rejimində tədriis ili 35 həftədən ibarət olub. Sonralar 7 yaşdan 6 yaşa, 6 günlükdən 5 günlüyə keçid, bir sıra lazımlı-lazımsız bayramların qeyri-iş günü elan olunmasının məktəblərə də şamil edilməsi, 1999-cu ildə havaların bir az isti keçməsi ilə əlaqədar dərs ilinin başlanmasının sentyabrın 1-dən 15-nə çəkilməsi barədə absurd qərarın qəbul edilməsi dərs günlərinin sayının azalmasına və buna müvafiq olaraq dərs həftəsinin 35-dən 32-yə endirilməsi və s. bu kimi yeniliklər də şübhəsiz ki, şagirdlərimizin bilik səviyyəsinin aşağı düşməsinə təsirsiz ötüşməyib: “Çünki dərs günlərinin məhdudlaşdırılması dərs saatlarının azalmasını, bundan çıxış yolu kimi proqram materiallarının sıxışdırılmasını zərur etdi ki, bu da şagirdlərin dərs yükünü ağırlaşdıraraq, onların qavrama mənimsəmə imkanlarına öz təsirini göstərib. Düzdür, iki il bundan qabaq yaranmış problemin aradan qaldırılması, habelə dünya təcrübəsinin nəzərə alınması baxımından tədris həftələrinin sayının artırılması barədə müvafiq qərar qəbul olunub. Lakin artırılma dərs ilinin iyunun 14-dək uzadılması hesabına nəzərdə tutulub ki, bu da bir çox təhsil ekspertləri və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Çünki reallıq ondan ibarətdir ki, artıq mayın ortalarından iqlim və bir sıra psixoloji amillərlə bağlı şagirdlərin dərsə davamiyyətində kəskin azalma müşahidə olunur. Buraxılış imtahanları, daha sonra qəbul imtahanları, onların nəticələrinə əsasən əlavə qəbul və s. şagirdlərin fiziki və psixi durumuna öz mənfi təsirini göstərir. 5 günlük tədris həftəsinə keçərkən bir mühüm məqamı nəzərə almadıq ki, dünya təcrübəsində şənbə günü istirahət günü kimi nəzərdə tutulmur. Sadəcə dərs cədvəllərindəki gərginliklər tənzimlənir və müvafiq tələblərə əsasən şagirdlərin asudə vaxtından da səmərəli istifadə olunmasına şərait yaradılır”.
Ekspert problemin həllini nisbətən sürətləndirmək üçün çıxış yolunu təhsilə baxış fəlsəfəmizin, yanaşma tərzimizın dəyişməsinin vacibliyini deyib: “Yoxsa, “bu xəmir hələ çox su aparacaq”. Heç olmasa ilkin təşəbbüs kimi bir ənənəmizi-dərs ilinin sentyabrın 1-də başlayıb, mayın 25-də başa çatdırılmasını bərpa edək, bəlkə hiss etdik ki, təhsil ənənələrimizi də qoruyuruq”.