Nigar Həzi: “Onda sənin həyatına görə narahat idik, indi də atanın həyatına görə”
Azərbaycanda ictimai-siyasi fəallığı ilə fərqlənən Yaqublular ailəsinin övladı Nərgiz Yaqublunun ölümündən 10 il keçir.
Gənc yaşlarından ictimai-siyasi proseslərin fəal iştirakçılarından olmuş Nərgiz 2015-ci il aprelin 23-də vəfat edəndə atası Tofiq Yaqublu həbsdə idi. Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu hazırda da həbsdədir.
Nərgiz Yaqublunun vəfatının ildönümü ilə əlaqədar bacısı Nigar Həzi sosial şəbəkədə paylaşım edib:
“Bu gün aprel ayının 23-ü. Atanın aclığından 23 gün, Nərgizin ölümündən isə 10 il keçir. Ata haqqı uğrunda ölümə gedir, Nərgiz isə yoxluğu ilə bizi öldürür. 10 il bir göz qırpımında necə də tez keçdi. Həbslər, məhkəmələr, həbsxanalar başımızı necə qatdısa acımızı belə birlikdə yaşaya bilmədik.
Nərgiz həyatdan gedəndə də ata həbsdə idi, bu gün də yenə həbsdədir. Bu illər ərzində üst-üstə toplasaq, heç 5 dəfə Nərgizin ildönumündə ailə olaraq birlikdə onun məzarını ziyarət etməmişik. Çünki ata çox vaxt həbsxanada olub. Bu qədər yaşadığımız acılara, məhrumiyyətlərə baxmayaraq utanmadan çıxıb deyirlər ki, Tofiq Yaqublu həbsdə olsa da yaxşı yaşayır. Əgər belə yaşamaq yaxşı yaşamaq sayılırsa, bunu deyənlərə də bizim yaşadığımız kimi “yaxşı”həyat yaşamalarını arzulayıram”.
“İndi atanın həyatı risk altındadır. Sanki 2015-ci ilin aprelində yaşadığım hissləri yenidən yaşayırıq. Onda sənin həyatına görə narahat idik, indi də atanın həyatına görə. 23 gün ac qalmaq çox təhlükəlidir. Birdən nəsə olar və atanı xilas edə bilməzlər deyə çox narahatıq. Adam nə qədər həyəcan, stress keçirər? Hər günü pis xəbər eşitmək qorxusu ilə açmaq nəcə dəhşətli işgəncədir”, – Nigar Həzi yazıb.
1989-cu il təvəllüdlü Nərgiz Yaqublu 2015-ci il aprelin 23-də Rusiyanın Tomsk şəhərində xəstəxanada hepatit C virusundan vəfat edib.
2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib. Qərara etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edir.