Müxalifətin hakimiyyətdən mənimsədiyi metodlar

Öncə qeyd edim ki, mənim müxalifəti tənqid etməyim heç də birmənalı qarşılanmır

Source:
İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli
İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli

Öncə qeyd edim ki, mənim müxalifəti tənqid etməyim heç də birmənalı qarşılanmır. Bunun fərqində olsam da, düzgün yolda olduğumu düşünürəm. Bizim hökumətə birbaşa təsir etmək imkanımız yoxdur və bu mexanizm yalnız xalqı təşkilatlandırmaqla mümkün ola bilər. Xalqı təşkilatlandırmaq üçün isə ilkin olaraq xalqın savadlı təbəqəsini təşkilatlandırmaq və siyasi proseslərə cəlb etmək lazımdır. Bu savadlı təbəqə isə öz növbəsində müxalifətin üzləşdiyi “dəyərlər böhranı”ndan xəbərdar olduğu üçün siyasi proseslərə qatılmır. Nəticədə, xalqın siyasi mübarizəyə qatılma prosesi dalana dirənir. Bu vəziyyəti böhrandan çıxarmağın yeganə yolu müxalifətin siyasi fəaliyyətində müəyyən korrektlərə nail olunmasından keçir. Aşağıda edəcəyim tənqidə konkret partiyalarla misal gətirməyə çalışaram. Bu məqalədən sonra üzərimə ola biləcək basqının dərəcəsini də ehtimal edirəm. Ortaya qoyduğum iddia bundan ibarətdir ki, biz mübarizəmizlə hökumətdən fərqlənmirik və bir çox sahədə hökumətlə eyni dəyərləri paylaşırıq. İndi isə həmin oxşarlıqları bir-bir sadalayaq.

Şəxsiyyətə pərəstişlik

Hakimiyyətin institutlaşdırdığı şəxsiyyətə pərəstişlik bir çox demokratik ölkənin tarixində feodalizm quruluşunda olub və o dövrdə də bitib. Azərbaycanda bu tendensiyanın tarixi çox qədimə getsə də, SSRİ dövründə Stalin tərəfindən bu metod yenidən KGB-nin (MQB) xofu ilə ölkədə gücləndirildi. Məşhur Kembric lügətinə istinad etsək, şəxsiyyətə pərəstişlik siyasi liderə qarşı rəsmi və ya məqsədyönlü formada təşkil edilmiş sevgi və ya heyranlıq kimi tərcümə olunur.

Müstəqil düşünən insanlardan ibarət olan cəmiyyətlərdə şəxsiyyətə pərəstişlik absurd görünsə də, Azərbaycanda YAP hakimiyyəti məhz Heydər Əliyev şəxsiyyətini bütləşdirərək şəxsiyyətə pərəstişliyi maksimum şəkildə institutlaşdırmağa çalışır. Heydər Əliyevi tənqid etmək, onun xalqı deyil, yalnız ailəsini və hakimiyyətini düşünməsini qeyd etmək ölkədə ən ağır cinayət kimi qəbul edilir. Azərbaycanda keçirilən Gül bayramına etiraz olaraq H.Əliyevin heykəli üstündə “Qul Bayramınız mübarək” sözlərini yazan Bayram Məmmədov və Qiyas İbrahimliyə 10 il cəza verilməsi də yuxarıda qeyd etdiklərimin bariz nümunəsidir.

Bəs buna qarşı mübarizə aparan müxalifət düşərgəsində vəziyyət necədir?

Bu mövzuda ön sırada Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimli gəlir. Qeyd etmək lazımdır ki, AXCP bu gün Azərbaycanda rejimə qarşı dözümlü mübarizə aparan yeganə partiyalardan biridir. Bu partiyanın üzvləri böyük çətinliklər və mərhumiyyətlərlə üzləşsə də, mübarizə əzmindən bir an belə geri dönmürlər. Onların bu fədakarlığı mütləq bəhrə verəcək. Lakin bu partiyada şəxsiyyətə pərəstişliyin formalaşması heç də hökumətin təzyiqi ilə izah edilə bilməz.

AXCP-nin ortaya qoyduğu mübarizə əzmi hökumətin təzyiqi ilə sönmədiyi kimi, dəyərlər heç zaman təzyiqlə dağılmır. Yəni, AXCP-də olan şəxsiyyətə pərəstişliyin formalaşması heç də hökumətin təzyiqi ilə izah edilə bilməz. Elçibəydən sonra bu partiya ortaya yalnız bir siyasi lider çıxarda bildi, o da Əli Kərimlidir. Bu, Əli Kərimlinin üstünə düşən bir məsuliyyət idi ki, keçən dövr ərzində millətin gələcəyi üçün siyasi meydana özü kimi mübariz və qorxmaz “Əli Kərimlilər” çıxartsın.

Bunun üçün atılmalı olan yeganə addım gənclərə partiyanı idarə etmək şansını verilmək olmalı idi. Liderləri zaman və şərait yetişdirir. Əli Kərimli isə nə o zamanı yarada bildi, nə də o şəraiti. Anlaşılan bu olur ki, o, buna görə güzəştə getməyi bacarmadı. Ona rəqib olan partiya yoldaşları ya əsaslı, ya da əsassız olaraq partiyadan uzaqlaşdırıldı. Bugünə qədər heç kimə partiyanı idarə etmək şansı verilmədi. Əgər bir partiyada Əli Kərimlidən başqa partiyanı idarə edə bilən ikinci şəxs formalaşmayıbsa, bu, birbaşa Əli Kərimlinin ayağına yazılmalıdır.

Şəxsiyyətə pərəstişlik partiyanın mübarizə strategiyasında da öz əksini tapır. Müavinlərinin azadlıqda olduğu dövrdə bütün işi Kərimlinin yazdığı “Facebook” postlarını paylaşmaq və bu paylaşımı təşkil etməkdən ibarət idi. Bu davranış insanlarda elə bir fikir formalaşdırır ki, ya bu insanların müstəqil düşüncə qabiliyyəti yoxdur, ya da Kərimlinin fikrinə fərqli fikir səsləndirmək ixtiyarına malik deyillər. “Facebook”da AXCP-nin ideologiyası və ya ölkəyə gətirmək istədikləri dəyişiklik deyil, Əli Kərimliyə aid məlumatlar dolaşır. İlham Əliyevin hərbi xidmətdən yayınmasına cavab olaraq partiya üzvləri bir qayda olaraq Kərimlinin əsgərlik dövründə olan şəkillərini paylaşmaqdan doymadılar. Sıravi bir “Facebook” istifadəçisi kimi bu insanda ikrah hissi doğurur. Əgər bu işi əksər partiya üzvləri eyni vaxtı edirsə, demək ki, proses rəhbərlik tərəfindən koordinasiya olunur.

Bəs idealda necə olmalı idi?

Kərimli partiya sədrliyinə seçkilər dövründə müəyyən zaman çərçivəsində görə biləcəyi işləri seçicilərinə təqdim etməli idi. Bu işlərdən biri və ya ən birincisi də, partiyanı hakimiyyətə gətirmək olmalı idi. Bunu bacarmadığı təqdirdə partiya yoldaşının daha fərqli metodla mübarizəyə davam etməsi üçün şərait yaratmalı idi.

Kərimli də iddia etdiyi bir demokrat kimi həmin şəxsə yardım etməli idi. Bu, həm də Əli Kərimli üçün əsl demokrat imicini formalaşdırardı. Bu proses davam etdikcə, AXCP yalnız siyasi partiya kimi deyil, ölkənin gələcəyi üçün liderlər yetişdirən bir məktəb kimi də fəaliyyət göstərərdi və savadlı insanların həmin partiyaya sürətli axını baş verəcəkdir. Amma bu proses Kərimli ilə donub. Nəticədə Kərimli inkişaf edir, partiya isə dalana dirənib. Yalnız şəxsiyyətə pərəstiş edənlər partiyaya üzv olurlar. Bu şəxslərin əksəriyyətinin də dünyagörüşü olmadığı üçün siyasi polemikalarda təhqirə keçirlər və partiya üçün “qaraguruhçular” brendini formalaşdırırlar. Bu imici dəyişmək üçün partiya rəhbərliyinə yeni nəfəs gəlməlidir.

Musavat AXCP-dən müsbət mənada bir qədər irəlidədir. İsa Qəmbər formal olsa da, partiya rəhbərliyindən kənarlaşdı və partiya rəhbəri Arif Hacılı oldu. Seçkilərin necə keçdiyindən xəbərim olmasa da, bu dəyişikliyi irəliyə doğru bir addım kimi də qiymətləndirmək mümkündür. Ən azından demək olar ki, İsə Qəmbər de-jure olaraq Musavatın rəhbəri deyil.

Real Hərəkatı isə son dövrlərə qədər fərqli bir müstəvidə fəaliyyət göstərirdi. Təşkilatdaxili ziddiyyətlər Hərəkatda demokratik ab-havanın mövcudluğundan xəbər verir. İlqar Məmmədovun həbsi bu hərəkata üzv olan insanların yanaşmasına təsirsiz ötüşmədi. Sıravi üzvlər “İlham Əliyev İlqar Məmmədovdan qorxduğu üçün onu həbs edib” tezisini yaymağa başladılar. Burada ReAL-ın rəhbərliyinin nə qədər günahkar olduğunu deyə bilmərəm, amma nəzərə çarpan odur ki, ReAL-ın təqdim etdiyi cumhuriyyətçilik dəyərləri getdikcə İlqar Məmmədovun şəxsiyyəti ilə əvəz olunur. Bunu qeyd etməkdə məqsəd ondan ibarətdir ki, bu prosesi indiki mərhələdə tənzimləmək mümkündür.

Rüşvət və saxta sənəd alveri

Hökumətin rüşvət və saxta sənəd alveri nəinki Azərbaycanda yaşayan hər kəsə, hətta bütün dünyaya məlumdur. İlham Əliyevin rəhbərlik etdiyi sistemdə rüşvət sistemin damarlarında axan qan funksiyasını daşıyır. Əlbəttə ki, bunun birbaşa günahı məhz İlham Əliyevdədir. Rüşvəti o tələb edir və bu yolla da rüşvət ölkədə qeyri-qanuni formada leqallaşır.

Vəziyyət hökumətdə olduğu kimi böhran vəziyyətində olmasa da, dəyərlər uğrunda mübarizə aparan muxalifətdə bu cür hadisələr utancverici bir haldır və siyasi proseslərə xəyanət kimi qiymətləndirilməlidir. Təəssüflər olsun ki, bu məsələdə Musavatın adı daha çox hallanır. Musavat rəhbərliyindən pulla sənəd aldığını deyən şəxsən tanıdığım insanlar var və o sənədlərin bir neçəsini də görmüşəm. Həmin məlumatları ictimailəşdirməməyimin əsas səbəbi o şəxslərin bir neçəsinin ailə üzvləri (uşaqları) ilə Avropada oturum almasıdır. Həmin uşaqlar kimlərinsə dələduzluğunun cəzasını çəkməli deyil deyə düşünürəm. Çünki məsələ ictimailəşsə, həmin ailələrin oturumları əllərindən alınacaq. Burda söhbət təkcə Musavatın adından istifadə edən dələduzlardan getmir. Bu məsələdə Arif Hacılı şəxsən iştirak etməsə belə, buna görə istefa verməli, ya da problemi araşdırmalı, adlarından istifadə edənləri ifşa etməli idi. Amma Hacılı tam əksinə, müdafiəyə üstünlük verdi. AXCP bu müstəvidə Musavatdan geri qalır. Bu partiyanın üzvlərindən də adı sənəd alverində hallananlar var və ya olub. Hətta bir müddət əvvəl bu üzvlərdən bir neçəsinin səs yazıları belə yayıldı. Yenə də partiya rəhbərliyindən heç bir reaksiya gəlmədi.

Xarici düşmən obrazı

Hökumət həm ölkə daxilində və həm də ölkə xaricində bütün uğursuzluqlarını, dünya mediasını dolaşan rüşvət qalmaqallırını bir sözlə cavablandırır – erməni lobbisi. Eyni məntiqlə muxalifət mübarizə aparır. Bütün uğursuzluqların günahkarı İlham Əliyev və onun avtoritar idarəetməsi göstərilir. Hətta bəzi müxalifət partiyaları onlara qarşı səslənən bütün tənqidi də bu yanaşma ilə susdurmağa çalışır. Onları tənqid edən şəxsin qaldırdığı məsələlər qalır qıraqda. Həmin məsələlərə reaksiya vermək və debatlar təşkil etməkdənsə, onları tənqid edənləri birbaşa və ya dolayısı ilə hakimiyyətə işləməkdə günahlandırırlar. Elə bu məqaləni oxuyarkən də ilk ağıllarına gələn bu olacaq ki, məqalənin müəllifi hakimiyyətə işləyir. Daha düşünmürlər ki, biz dəyərlərə qarşı mübarizə aparırıq, İlham Əliyevin şəxsinə qarşı deyil. Sabah İlham Əliyev Mehriban Əliyeva ilə əvəz olunacaq. Onda hər şeyi yenidənmi başlamaq lazım olacaq? Yaxşı, əgər dəyərlərə qarşı mübarizə aparırıqsa, İlham Əliyevlə eyni dəyərləri paylaşan şəxslər tutduqları mövqedən asılı olmayaraq bizim hədəfimizdə olmalı deyilmi? Mən şəxsən bu cür düşünürəm və ona görə də hər kəsə layiq olduğu yeri göstərməyə çalışıram.

Digər tərəfdən, İlham Əliyev xalqın və o cümlədən müxalifətin düşmənidir. Mənə görə düşməndən mərhəmət gözləmək acizlikdir. Düşmən taktiki gedişlərlə məğlub edilməlidir. İlham Əliyevin təzyiqi və müxalifətə qarşı amansız repressiv siyasəti muxalifətin uğursuzluqlarına haqq qazandıra bilməz. Təəssüflər olsun ki, muxalifət ideoloji olaraq sönüb. İlham Əliyevin ata biləcəyi addımları qabaqcadan proqnozlaşdırmaq o qədər də çətin deyil. Qeyd etməliyəm ki, İlham Əliyev heç vaxt bu repressiv siyasətindən əl çəkməyəcək. Belə olan halda biz nə etməliyik? Gecə-gündüz deyinməliyik ki, İlham Əliyev bizə imkan vermir, onu devirək? Sizcə, bu, gülməli deyil? Bəhanə axtarmaqdansa, gəlin çıxış yolu axtaraq və Allahın bizə bəxş etdiyi beynimizi işə salaq. Əmin olun ki, istənilən bir durumdan çıxış yolu mümkündür. Yetər ki, bunu tapmaq istəyək.

Trollar

Trollar deyəndə “Facebook”da saxta profillə fəaliyyət göstərən və bəyənmədikləri şəxsə qarşı qeyri-etik ifadələr işlədən şəxsləri nəzərdə tuturam. Bura saxta profillə üzv olduğu partiyanı dəstəkləməklə ictimai rəy formalaşdırdıqlarını düşünən şəxsləri də əlavə etmək olar. Hökumətin yaratdığı bu ənənə artıq müxalifətə keçib. Bu müstəvidə də AXCP liderliyə malikdir. Qeyd etməliyəm ki, Musavat Partiyası və ReAL Hərəkatından qarşıma saxta profillə yazan kimsə çıxmayıb.

Bu siyahını çox uzatmaq olar. Bura tənqidə dözümsüzlüyü, qarayaxma kampaniyası və bürokratiya sevgisini də əlavə etmək olar. Qeyd olunmalıdır ki, hər bir partiyada fəaliyyət göstərən və bu millətin gələcəyi üçün hər şeyindən keçən əsl demokratik düşüncəli insanlar var. Bu insanlar bu yolda təkcə özlərini deyil, öz övladlarının da taleyini riskə atıblar. Təəssüflər olsun ki, belə şəxslərin çəkdiyi əziyyət və verdiyi qurbanlar hansısa bir dələduza görə kölgədə qalır. Mən inanıram ki, o insanların bir çoxu ya fəaliyyət göstərdikləri sistemi (partiyanı) islahata məcbur edəcək, ya da alınmadığı təqdirdə, yeni bir mexanizmdə birləşib daha ədalətli bir formada dəyərlər uğrunda mübarizələrini aparacaq. Bu kimi böhranların fonunda partiya kimliyi getdikcə əhəmiyyətini itirir.

Xülasə

Yuxarıda qeyd etdiyim problemlərin yaranmasında günahkar olanlar yalnız həmin partiyanın rəhbəri və ya rəhbərlikdir. Bu problemlər həll olunmadıqca, bu problemləri görən savadlı ziyalılar siyasi proseslərə qatılmayacaq. Həmin şəxslər mövcud olan siyasi platformalara inanmadığı təqdirdə sıravi insanlar heç vaxt inanmayacaqlar. Nəticədə Əliyevlər hələ çox bu millətin qanını içəcək. Əgər ölkəyə demokratiya gətirmək istəyiriksə, birinci olaraq özümüzdən və təmsil etdiyimiz partiyadan başlayaq. Onda insanlar özləri görüb inanacaqlar.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMüxalifətin hakimiyyətdən mənimsədiyi metodlar